Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün Bakı metrosunun "Elmlər Akademiyası" stansiyasının əsas vestibülü istifadəyə verilib.
Fəaliyyətinin 30 ili 2015-ci ilin sonunda tamam olan "Elmlər Akademiyası" stansiyasının əsas vestibülündə təmir və yenidənqurma işləri beş ay aparılıb. Yenidənqurma işləri zamanı stansiyanın eksteryer və interyerinin ilkin layihə görkəmi saxlanılmaqla, stansiya müasir standartlar səviyyəsinə çatdırılıb.
Bu il aprelin 15-də başlayan təmir işləri dövründə stansiyanın istismar müddəti bitən ET tipli 3 еskalatoru Almaniyanın "Tyssen Krupp" şirkətinin istehsalı olan dərin özüllü stansiyalar üçün nəzərdə tutulan "Viktoriya" tipli yeni analoqlarla əvəz edilib.
Stansiyanın giriş və çıxış qapıları daha müasir və rahat analoqları ilə əvəzlənib, qapıüstü şəbəkə cərgəsi dəyişdirilib. Qapılar paslanmayan metaldan hazırlanıb, şüşələri isə temperli laminatdan üzlənib və zərbəyə davamlıdır. Vestibülün, eskalator zalının mərmər örtüyü istismar müddətini başa vurduğu, qranit döşəmənin bir çox elementləri keyfiyyətini itirdiyi üçün tamam yenilənib.
Bu işlər yerinə yetirilərkən stansiyanın özəlliyi qorunmaqla yeniliklər də edilib. Bu mənada, stansiyada quraşdırılmış sarı zolaq diqqəti çəkir. Metropolitendə ilk dəfə relyefli səthə malik tametdən yaradılmış bu zolaq görmə qabiliyyəti məhdud olan sərnişinlərin səmti müəyyənləşdirməsi üçün nəzərdə tutulub.
Metropolitendə ilk dəfə vestibüldə də yeni tipli ventilyasiya sistemi tətbiq edilib və metropolitenin ən giriş-çıxışlı stansiyalarından birinin mikroiqlim şəraitinin yaxşılaşdırılmasına xidmət göstərir. Havalandırma sisteminə eskalatorların maşın zalı da qoşulub. Vestibülün girəcəyində temperatur rejiminin nizamlanması məqsədilə "hava pərdələri" quraşdırılıb.
Bütün yeniliklərlə yanaşı, stansiyanın memarlıq üslubu tam qorunaraq, kassa zalından eskalator zalına keçid tağının divarlarındakı gips ornamentlər mərmər analoqu ilə əvəzlənib. Kassa zalının sütunlarının tavanla qovuşan ornamenti, həmçinin stansiya pəncərələrinin milli memarlıq üslubunda işlənmiş şəbəkəsi və yararlı detalları tam qorunmaqla bərpa işləri aparılıb.
Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra stansiyanın yaxınlığında yerləşən ərazidə abadlıq işləri görülüb. Çıxış tərəfdə piyada yolunu küçənin hərəkət hissəsindən ayıran sahədə yaşıl zolaq salınıb, ətrafa asfalt döşənib.