Əhməd Əhmədzadə: "Bu il Azərbaycanda 300 yeni subartezian quyusu qazılacaq"
- 26 mart, 2018
- 13:28
Bakı. 26 mart. REPORT.AZ/ "Son 14 ildə Azərbaycanda 4 min kilometr uzunluğunda suvarma kanallarının, 2400 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektarda meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib, 2 minə yaxın subartezian quyusu qazılaraq istifadəyə verilib. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilib istifadəyə verilib."
“Report” xəbər verir ki, bunu “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə Bərdədəki Mədəniyyət Mərkəzində keçirilmiş pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.
“Ötən il respublikanın 25 rayonunda 69 min hektar pay torpaqlarında və 67 min hektar dövlət fondu, qış otlaq sahələrində, bələdiyyə və meşə torpaqlarında əkilmiş 136 min hektar pambıq sahəsini suvarma suyu ilə təmin etmək üçün 6800 kilometr suvarma kanalları və 1500 kilometr kollektor-drenaj şəbəkələri lildən təmizlənib, 463 hidrotexniki qurğu, 22 nasos stansiyası təmir edilib. Su təminatı çətin olan fond torpaqlarında və qış otlaq sahələrində əkilmiş pambıq tarlalarının suvarılması üçün 1436 kilometr yeni suvarma kanalları, 180 hidrotexniki qurğu tikilib. Suvarmanın mütəşəkkil keçirilməsi üçün Cəmiyyət tərəfindən lazımi texnika, nasos, avadanlıq ayrılıb. Ümumilikdə, pambıq sahələri keçən il 3,1 dəfə suvarma suyu ilə təmin edilib.
Yerli icra hakimiyyəti strukturları ilə dəqiqləşdirilmiş məlumatlara əsasən, cari ildə respublikanın 25 rayonu üzrə təxminən 140 min hektar sahədə pambıq əkini nəzərdə tutulur. Bu sahələrin 38 min hektarı dövlət fondu, 32 min hektarı bələdiyyə və 70 min hektarı pay torpaqlarıdır. Bu günədək pambıq sahələrinə xidmət edən suvarma kanallarının 2200 kilometr, kollektor-drenaj şəbəkələrinin 820 kilometr hissəsi təmir edilib. Suvarmanın mütəşəkkil keçirilməsi üçün Cəmiyyət tərəfindən yerlərə kifayət qədər nasos və avadanlıq ayrılıb”, - o vurğulayıb.
Bundan başqa, onun sözlərinə görə, Şəmkir-Samux-Goranboy magistral kanalının İpək yolu ilə kəsişmə qurğusunda və ondan sonra kanalın 5 kilometrə qədər hissəsində tamamlama işlərini başa çatdırmaqla Goranboy rayonunda 8 min hektar, ötən ildə torpaq məcrada inşa olunmuş 54 kilometr uzunluğunda Yeni Mil-Muğan kanalının cari ildə beton üzlüyə alınması ilə Saatlı, Biləsuvar və İmişli rayonlarında daha 13 min hektardan çox yeni torpaq sahələrinin suvarma mövsümündə su ilə təmin edilməsi mümkün olacaq.
“Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam etdirilərək Neftçala rayonunun 12 400 hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq, Ağcabədi rayonunda isə 1 900 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin olunacaq. Kür çayında yeni tikilən nasos stansiyasında və “H” kanalında tikinti işləri davam etdirilərək Sabirabad rayonunun kəndlərinin layihə üzrə qalan 7500 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq, eləcə də rayonun Kür çayı üzərindəki yeni nasos stansiyasında və magistral kanalda tikinti işlərini tamamlamaqla rayonun əlavə 9300 hektar qış otlaq sahələrinə suvarma suyu çatdırılacaq. Eyni zamanda, bu layihələr çərçivəsində Biləsuvar rayonunun 1600 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin ediləcək. Hacıqabul rayonunda isə meliorativ tədbirlər davam etdirilməklə 2700 hektar yeni suvarılacaq torpaqlara suvarma suyu çatdırılacaq.
Respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 subartezian quyusu cari ildə qazılaraq istifadəyə veriləcək. Bu quyuların 126-sının 5 min hektara yaxın əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün ölkənin 13 pambıqçılıq rayonunda qazılması nəzərdə tutulub. Həmin quyular əsasən vegetasiya suvarma dövründə istifadəyə veriləcək.
Cari ildə kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən bu iri infrastruktur layihələrində nəzərdə tutulan meliorativ tədbirlərin həyata keçirilməsi nəticəsində pambıqçılıq rayonlarında 62 min hektar sahəyə, o cümlədən 30 min hektar yeni suvarılacaq torpaqlara suvarma suyu çatdırılacaq və 32 min hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq ki, bu da ölkədə pambıqçılığın və digər ixracyönümlü kənd təsərrüfatı məhsullarının inkişafına geniş imkanlar yaradacaq”, - Ə.Əhmədzadə bildirib.