ECLAC: Yeni şəhər inkişaf modelinə ehtiyac var

İnfrastruktur
  • 20 may, 2026
  • 15:21
ECLAC: Yeni şəhər inkişaf modelinə ehtiyac var

Latın Amerikası və Karib hövzəsi ölkələri demoqrafik dəyişikliklər və zorakılıq səviyyəsinin artması fonunda şəhər siyasətinə yanaşmaların yenidən nəzərdən keçirilməsi zərurəti ilə üzləşir.

"Report"un məlumatına görə, bunu Latın Amerikası və Karib hövzəsi üçün İqtisadi Komissiyanın (ECLAC) yaşayış məntəqələri üzrə bölməsinin rəhbəri Dieqo Aulestiya (Diego Aulestia) Bakıda WUF13 çərçivəsində keçirilən "Öhdəliklərdən təsirə - şəhərlərdə həyat keyfiyyətinin birgə kompleks yaxşılaşdırılması" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, regionda urbanizasiya templərinin yavaşlaması müşahidə olunur, eyni zamanda Latın Amerikası tədricən "qocalan qitəyə" çevrilir ki, bu da əlavə sosial-iqtisadi çağırışlar yaradır.

"Əsas amil əhalinin qocalması və şəhər inkişafı strukturunun dəyişməsi ilə bağlı demoqrafik dəyişiklikdir, bu isə dövlət siyasətlərinin uyğunlaşdırılmasını tələb edir", - o deyib.

O vurğulayıb ki, regionda zorakılıq səviyyəsi, o cümlədən qəsdən adam öldürmə hallarının yüksək göstəriciləri ən kəskin və mürəkkəb məsələlərdən biri olaraq qalır.

"Zorakılıq problemi şəhər siyasətindən ayrılıqda nəzərdən keçirilə bilməz, buna görə də şəhər və mənzil planlaması strategiyalarına inteqrasiya edilməlidir", - o qeyd edib.

Aulestiya şəhər inkişafının yeni modelinin formalaşdırılmasının vacibliyini vurğulayıb, çünki mövcud institusional yanaşmalar ötən əsrdə formalaşıb və artıq müasir çağırışlara cavab vermir.