EBRD: İqlim hədəfləri üçün şəhər səviyyəsində effektiv planlaşdırma olmalıdır
- 08 sentyabr, 2026
- 16:52
İqlim hədəflərinə çatmaq üçün şəhər səviyyəsində effektiv planlaşdırma aparılmalıdır.
"Report" xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankında (EBRD) Layihələrin Hazırlanması üzrə direktor müavini Lin O`Qredi "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 2-ci günündə deyib.
Onun sözlərinə görə, əsas məqamlardan biri effektiv planlaşdırmadır: "Həm emissiyaların azaldılması, həm də uyğunlaşma baxımından şəhərin ehtiyaclarını müəyyənləşdirmək üçün şəhər səviyyəsində hərtərəfli və effektiv planlaşdırma həyata keçirilməlidir. Bu mənada uyğunlaşma getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Həmçinin şəhər investisiyalarının bütün ekosisteminə - mənzil təsərrüfatı, su, nəqliyyat, energetika və tullantıların idarə olunması kimi bir-biri ilə əlaqəli sahələrə nəzər salınmalıdır. Beləliklə, bu plan hazırlandıqdan sonra layihələri seçmək və onları təkmilləşdirmək lazımdır. Yəni ilk məqamım effektiv planlaşdırma və layihələrin hazırlanmasıdır".
O qeyd edib ki, şəhər layihələrinin maliyyələşdirilməsində özəl sektorun rolu artırılmalıdır: "Birinci məsələ planlaşdırma və layihə hazırlığını maliyyələşdirmə ilə əlaqələndirməkdir. Təəssüf ki, biz elə bir sistemdəyik ki, bunlar bir-birindən çox ayrı düşüb. İkinci məqam maliyyələşdirməyə çox fərdi yanaşma ilə bağlıdır. Yəni şəhərlər üçün vahid maliyyə həlli yoxdur. Şəhərlərin ölçüləri müxtəlifdir, onların kredit qabiliyyətliliyi fərqlənir və ölkədə həyata keçirilən fiskal mərkəzsizləşdirmənin səviyyəsindən asılı olaraq, bu fərqlər daha da kəskinləşir. EBRD-nin baxacağı ilk məsələlərdən biri də məhz bu olardı".
Direktor müavini vurğuıayıb ki, Azərbaycanda bu proses böyük ölçüdə mərkəzləşdirilib: "Buna görə də şəhər mühitində hazırda dövlətə kredit veririk, dövlət isə öz növbəsində həmin vəsaiti şəhərə yönəldir.
Türkiyədə isə vəziyyət fərqlidir. Orada fiskal mərkəzsizləşdirmə həyata keçirilib və buna görə də EBRD-nin modeli birbaşa şəhərə kredit verməkdir. Şimali Afrika ölkələrində də fiskal mərkəzsizləşdirmə həyata keçirilib və biz birbaşa rayonlara kredit veririk. Yəni əsas məsələ həmin şəhər üçün hansı maliyyə alətinin uyğun olduğunu müəyyən etmək və əlbəttə ki, həmişə özəl sektorun cəlb olunması üçün imkanlar axtarmaqdır".