Dünya Bankı Azərbaycanda yol layihəsinin icrasını qiymətləndirib
- 19 mart, 2023
- 12:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan hökuməti Dünya Bankının “Regional Yollar və İnkişaf Layihəsi” (Regional connectivity and development) üzrə ayrılmış kreditin 19 %-ini istifadə edib.
"Report" Dünya Bankının layihənin icra tərəqqisi ilə bağlı hesabatına istinadən xəbər verir ki, indiyədək 65 milyon ABŞ dolları məbləğində kreditin 12,57 milyon ABŞ dolları istifadə olunub. Layihənin ümumi dəyəri 95,88 milyon ABŞ dollarıdır.
Layihənin həyata keçirilməsi Salyan-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat bağlantısını təmin ediləcək və bazara çıxışı yaxşılaşdırılacaq. Bu marşrut boyunca yaşayan insanlar təkmilləşdirilmiş yol infrastrukturundan, iqtisadi imkanlardan və əsas xidmət obyektlərindən asanlıqla istifadə etmək imkanı əldə edəcəklər.
Layihə 4 komponentdən ibarətdir. “Yolların əlaqələndirilməsi” adlı birinci komponentinin dəyəri 59,24 milyon ABŞ dollarıdır. “Yol sektorunun dayanıqlılığı” adlı ikinci komponentin dəyəri 2 milyon ABŞ dolları təşkil edir. “Yerli inkişaf və logistika”nı nəzərdə tutan üçüncü komponent 2 milyon ABŞ dolları, “Layihənin idarə edilməsi və təsirlərin qiymətləndirilməsi” adlı dördüncü komponent isə 1,6 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.
“Layihə 2021-ci il dekabrın 13-də qüvvəyə minib. Brinci və üçüncü komponentlər üzrə fəaliyyətlərin tam icrasına artıq başlanılıb, ikinci komponent üzrə satınalmalar davam etdirilir. Layihənin inkişaf tərəqqisi və icra prosesinin ümumi gedişatı qənaətbəxş qiymətləndirilir”, - bank hesab edir.
Hesabatda deyilir ki, bu yaxınlarda yolun tikintisi ilə bağlı işlərə başlanılıb. Layihənin şərtlərinə əsasən, podratçılar qarşısında tikinti işlərinin aparılmasına yerli kadrların cəlb edilməsi şərti qoyulub. Martın əvvəlinə olan məlumata görə, hazırda onların sayı 589 nəfər təşkil edir, 2026-cı il iyunun 15-dək layihə yollarının tikintisinə cəlb olunmuş yerli sakinlər üçün yaradılacaq iş yerlərinin sayının 4 minə çatacağı gözlənilir.
Layihə çərçivəsində biznesin genişləndirilməsi və start verilməsi ilə bağlı təlim və məsləhət xidmətləri də göstərilir. 2026-cı ilin ortalarına qədər məsləhət xidmətindən yararlanacaq yerli icma nümayəndələrinin sayının 300-ə çatacağı gözlənilir. Bundan əlavə, layihənin dəstək göstərəcəyi mikro-biznes sahibkarlarının sayı 100-ə çatacaq.
Xatırladaq ki, Azərbaycan Dünya Bankına 1992-ci ildə üzv olub. Dünya Bankı indiyədək Azərbaycanda ümumi dəyəri 4,4 milyard ABŞ dolları olan 50-dən çox layihəni maliyyələşdirib.