Dünya Bankı "ağıllı kənd" konsepsiyasının tətbiqi üçün Azərbaycanda ayrı-ayrı ərazilər üzrə hansı potensialın mövcud olması ilə bağlı hesabat hazırlayıb.
Bu barədə "Report"a açıqlamasında Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) məlumat verib.
O, bildirib ki, hesabat kənd sakinlərindən toplanan fikirlərə əsaslanıb:
“Ağıllı kəndlər” haqqında tədqiqat işi aparmışıq. Bu konsepsiya haqqında hökumət çox ətraflı şəkildə danışıb. Üç il öncə bu tədqiqat işinə başlanılmışdı. Dünya Bankının digər ölkələrdə gördüyü işin nəticələrindən bəhrələnərək Azərbaycanın bütün ərazisi üzrə kəndlərin yaşayış məntəqələrininn belə bir ağıllı, Smart konsepsiya əsasında qurulan yaşayış mərkəzlərinə çevrilmək və öz aralarında əlaqələrin qurulması ilə bağlı potensialı araşdırılır. Bu sadəcə analitik bir hesabatdır. Güman edirik ki, hökümətə faydalı olar".
Araşdırmalar kənd əhalisi ilə birlikdə işlənib hazırlanır və onların prioritetləri və reallıqlarına hesablanır. Bu hesabatda Azərbaycanda “ağıllı kəndlər” (AK) yanaşmasını tətbiq etməyə hazırlığın təhlili yer alıb və hesabat 2020-ci ilin iyun ayında kənd sakinlərindən toplanan fikir və rəylərə əsaslanıb.
Təhlilin nəticələrinə əsasən, kənd sakinləri arasında sosial media və dövlət elektron xidmətləri kimi rəqəmsal platformalar barədə məlumatlılıq yüksək olsa belə, onlardan istifadə imkanları məhduddur. Məhdud rəqəmsal bağlantı və məlumatlara baxmayaraq, bir sıra sektorlarda texnologiyanın istifadəsini genişləndirmək üçün aşkarlıq və potensial mövcuddur, hesabatda bildirilir.
"AK Hazırlıq indeksi" üçün istifadə olunan məlumatların və analitik vasitələrin klaster səviyyəsində tətbiq olunma yollarının təsviri məqsədilə daha ətraflı təhlil üçün iki “Gücləndirmə” klasteri seçilib: Şəmkir-Tovuz və Quba-Qusar-Xaçmaz klasterləri.
Aşağıda iki klasterdəki kənd sakinlərinin rəyləri təqdim olunur və doqquz mövzunu əhatə edir: rəqəmsal əlaqə, yerli idarəetmə və dövlət elektron xidmətləri, kənd təsərrüfatı və aqrar biznes, turizm və sənətkarlıq, maliyyə vasitələrinə çıxış imkanı, nəqliyyat və hərəkətlilik, kommunal xidmətlər, təhsil və səhiyyə.
Rəqəmsal əlaqə
Hər iki klasterdə respondentlər texnologiyanın istifadəsində eyni çətinliklərin olduğunu qeyd ediblər. Bunlar yavaş və ya mövcud olmayan genişzolaqlı internet bağlantısı, cihazların qiymət baxımından aşağı münasibliyi, mobil məlumatların yüksək qiyməti və rəqəmsal vasitələrdən daha səmərəli istifadə ilə bağlı məlumatların və bacarıqların olmamasıdır.
Əlaqə zəif olsa belə, kənd yerlərində olan respondentlər arasında onlayn platformalardan istifadə tələbatı aşkar görünür. Yerli əhalinin istifadə etdiyi ümumi sosial media proqramlara “Facebook”, “WhatsApp”, “instagram”, YouTube”, “Telegram” və “Google Hangouts” daxildir.
Yerli idarəetmə və dövlət elektron xidmətləri
Dünya Bankı hesab edir ki, ASAN xidmət mərkəzlərinin yaradılması vətəndaşlara göstərilən dövlət xidmətlərinin sadələşdirilməsi yolunda əhəmiyyətli nəaliyyət idi.
"Lakin kənd sakinləri bu xidmətlərdən istifadədə maneələrlə qarşılaşırlar. Bir çox dövlət xidmətləri hələ də lisenziyalar və icazələrin verilməsi üçün vətəndaşlardan və sahibkarlardan yazılı ərizə tələb edir. Xidmətlərin daha sürətli şəkildə təmin edilməsi üçün bu tələb rəqəmsallaşdırıla bilər.
Bələdiyyə işçilərinin yerli idarəetmə fəaliyyətləri üçün rəqəmsal texnologiyaların istifadəsi, xüsusilə vergi yığımı və kəndlərdə xidmət təminatının yaxşılaşdırılması üzrə potensialının artırılması da xüsusilə Tovuz-Şəmkir klasterindəki respondentlər tərəfindən zərurət olaraq təsbit edilib", - hesabatda deyilir.
Kənd təsərrüfatı və aqrar biznes
Dünya Bankı qeyd edilən hər iki klasterdə fermerlərin bölüşdükləri əsas ehtiyacları sırasında su çatışmazlığı, maliyyə vasitələrinə çıxış, anbarlar və soyuducu yük maşınlarının əlyetərliyi və məhsulların bazara çıxarılmasının ümumi logistikası, fermerlərin birliyinin olmaması və ya çox məhdud olması, eləcə də öz ərazilərində daha çox aqrar emal sənayesini inkişaf etdirmək arzusu olduğunun bildirib. Hər iki klasterdəki respondentlər alıcılar ilə əlaqə yaratmaq və təcrübəli aqronomlardan məsləhət almaq üçün sosial mediadan istifadə etdiklərini bildirirlər, lakin bu bir qayda olaraq fərdidir və geniş yayılmayıb. Bəzi fermerlər subsidiyaların verilməsində yaşanan gecikmələrdən şikayətləniblər. Subsidiyaların verilməsində daha çox şəffaflıq əldə etmək üçün rəqəmsal platformalardan da istifadə edilə bilər.
Turizm və sənətkarlıq
Hər iki klasterdə fokus qrup müzakirələri və əsas məlumat daşıyıcıları ilə müsahibələrin iştirakçıları icma əsaslı turizmin populyarlaşdığını, lakin infrastruktur, əlaqə, məlumat və bacarıqların inkişaf etdirilməsini tələb etdiyini qeyd ediblər. Ənənəvi sənətkarlar aşağı bazar qiymətlərinin onların fəaliyyətlərini inkişaf etdirməsinə mane olan amil olduğunu bildiriblər.
Maliyyə vasitələrinə çıxış imkanı
Kənd sakinlərinin maliyyə vasitələrinə çıxışında qarşılaşdıqları əsas problemlər arasında banklar tərəfindən alınan yüksək faiz dərəcələri, banklar tərəfindən tələb olunan təminatın yüksək dəyəri və bank sisteminə inamsızlıqdır. Kənd sakinləri bank sisteminə etibar etmədiklərini bildirirlər. Etimadsızlığın digər səbəbi kənd təsərrüfatı kreditlərinin qeyri-kənd təsərrüfatı məqsədləri üçün geniş istifadə olunmasıdır.
Nəqliyyat və hərəkətlilik
Bir neçə kənddə nəqliyyat xidmətinin yüksək qiyməti narahatlıq doğuran digər məsələdir. Nəqliyyatdan ortaq istifadə bu sahələrdə ənənəvi hərəkət seçimlərinə alternativ olaraq, potensial olaraq bu qiyməti azalda bilər. Kənd yerlərində ictimai nəqliyyat vasitələri ya azdır, ya da yoxdur.
"Əlavə olaraq sərnişin və ya yükdaşıma nəqliyyatı ilə əlaqəli yerli iş yerləri və kiçik müəssisələrə təkan vermək üçün geniş imkan var. Avtobuslar, taksilər və ya yük maşınları üçün dayanacaqlar yaradıla və yerli pərakənda mağazalar, kafelər və ya digər xidmətlər üçün yerlər təmin edilə bilər", - Dünya Bankı bildirir.
Kommunal xidmətlər
Hesabatda bildirilir ki, hökumət sudan səmərəli istifadə üçün ağıllı su sayğacları kimi qabaqcıl texnologiyalar tətbiq edib. İstehlakçılar ödəniş köşkləri, ödəniş üçün mobil tətbiqetmələr və kommunal xərclərin ödənişi üçün Smart kartlar kimi rəqəmsal ödəmə texnologiyalarından istifadədən məmnundur. Bununla belə, bir çox kənd sakini üçün xidmətlərə əlaqənin olmaması hələ də öz həllini tapmamış prioritet olaraq qalır.
Təhsil
Təhsil sahəsində texnologiyanın istifadəsi kənd sakinləri üçün müntəzəm məktəb tədris proqramının onlayn təmin edilməsi, texniki və peşə təlimi və müəllimlər üçün ixtisasartırma kurslarını təmin etmək baxımından xüsusilə faydalı ola bilər. COVID-19 karantini zamanı tədqiq olunan bir sıra kəndlərdəki tələbələrin yarısı zəif bağlantı səbəbindən dərslərdə iştirak edə bilməyiblər. Məktəbə gedən uşaqların valideynləri arasında zəif rəqəmsal savadlılıq da təhsil göstəricilərinə mənfi təsir edə bilər.
Hesabatda vurğulanər ki, hökumət təhsil sahəsində daha yaxşı nəticələrə nail olmaq məqsədilə maliyyə mənbələrini birləşdirmək üçün özəl sektor təşkilatları ilə əməkdaşlığı nəzərdən keçirir. Təhsil Nazirliyi şagirdlərə distant təhsil imkanları yaratmaq və ölkə üzrə yayımlanan televiziya dərslərinin interaktivliyini təmin etmək üçün 2020-ci ilin aprel ayında Microsoft ilə ortaq şəkildə “Virtual Məktəblər” proqramına start verib.
Gənclər üçün əsasən bacarıqların olmaması və məhdud məşğulluq imkanları səbəbindən gənclər arasında işsizlik klasterdə ciddi problem olaraq ortaya çıxıb. Xüsuslə İKT və turizm sektorunda gənclərin elektron bacarıqlarının inkişaf etdirilməsi bölgədəki ən zəruri ehtiyaclardan biri olaraq göstərilib.
Səhiyyə
Araşdırmaya əsasən, kənd səviyyəsində göstərilən tibbi xidmətlər ilkin tibbi yardım və peyvəndləmə ilə məhdudlaşır. Təsbit edilən digər bir məhdudiyyət kiçik kəndlərdə, xüsusilə dağlıq ərazilərdə apteklərin çatışmazlığıdır. Onlayn təlim və materiallar profilaktik tibbi yardım və bəslənmə sahələrində xüsusilə faydalı ola bilər.
Respondentlərin çoxu anaların sağlamlığı və qidalanması mövzusunda gənc analar və qadınlar üçün daha çox məlumatlandırma materialları təmin etmə fikrini xoş qarşılayıb.
Növbəti addımlar
"Yuxarıda təqdim olunan analitik nəticələr Azərbaycan hökumətinə siyasət və investisiyaları ölkə daxilindəki kənd yerlərinin özünəməxsus xüsusiyyətlərinə yönəltmək üçün etibarlı və asan uyğunlaşa bilən vasitə təqdim edir. Bu analitik yanaşmanın uyğunlaşdırılması, qəbulu və tətbiqi məqsədi ilə geniş mənbələrdən əldə olunan məlumatların emalı, təhlili və istifadəsi üçün müvafiq dövlət qurumlarının potensialın artırılmasına dair öhdəlikləri; hədəflənmiş regional inkişafı irəlilətməkdən ötrü əməkdaşlıq üçün nazirliklərarası platformaları; və bu proqram çərçivəsində zamanla pilot layihələr keçiriləcək, təcrübələr mənimsəniləcək və tətbiq ediləcək dəstək proqramını şərtləndirəcəkdir", - hesabatda deyilir.