Bakı. 7 aprel. REPORT.AZ/ Bakı şəhərində Böyükşor gölü və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işləri davam etdirilir. Gölün birinci mərhələsi üzrə əsaslı tikinti işləri başa çatdırılıb. Layihə ərazisinin şərq və cənub sahilində bulvar və park salınır. Ümumi abadlıq işlərinin sahəsi 15 hektara yaxındır. Burada ərazisinin mühitinə uyğun olan ağaclar, qazon, habelə 4-5 fontanın qurulması nəzərdə tutulub. Bu barədə "Report"a layihənin abadlıq işlərini həyata keçirən şirkətin landşaft dizayneri məlumat verib.
Onun sözlərinə görə, park ərazisi müxtəlif bitkilərlə örtülür və bu işlərin yaxın iki ay ərzində yekunlaşacağı gözlənilir.
"Bizim burada həyata keçirdiyimiz layihənin dəyəri təxminən 7-8 mln. manat təşkil edir. Lakin bu cür layihələrdə işin gedişindən asılı olaraq müəyyən dəyişikliklər, maliyyənin azalması və ya artımı da mümkündür", - deyə mütəxəssis qeyd edib.
Qeyd edək ki, hazırda Böyükşor gölünün dibinin xüsusi qurğular vasitəsilə təmizlənməsi işləri icra olunur və artıq layihə ərazisinin dibinin 92%-i təmizlənib. Ümumiyyətlə, Böyükşor gölünün kompleks bərpası iki mərhələdə həyata keçirilir. Birinci mərhələnin - park-bulvarın bu ilin mayında istifadəyə verilməsi planlaşdırılır. Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edəcək.