Bakı. 5 mart. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Ukraynanın Yalta və Rusiyanın Samara şəhərlərinə avtobus reyslərinə yenidən start verilir.
"Report"un məlumatına görə, Bakı-Yalta reysi hər həftənin bazar ertəsi günü saat 11:00-da, Yalta-Bakı reysi isə hər həftənin şənbə günü yerli vaxtla saat 15:00-da baş tutacaq. Avtobus Kerç, Feodosiya və Simferopol şəhərlərindən keçərək Yaltaya gedəcək. Biletin qiyməti bir istiqamət üzrə 100 manat təşkil edir.
Bakı-Samara reysi isə hər həftənin cümə günü saat 11:00-da, Samara-Bakı reysi isə hər həftənin cümə axşamı günü yerli vaxtla saat 12:00-da reallaşdırılacaq. Avtobus Volqoqrad, Saratov və Balakov şəhərlərini keçməklə Samaraya gedəcək. Biletin qiyməti bir istiqamət üzrə 90 manatdır.
Sərnişinlər biletləri əvvəlcədən BBAK-ın kassalarından, eləcə də avtovagzal.az və yaxud bbak.az saytlarından onlayn rejimdə əldə edə bilərlər.
5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşına qədər uşaqlar üçün isə (sənəd təqdim edilməklə) biletin qiymətinin 50%-i ödənilir.
Sərnişinlərin istəyinə uyğun olaraq, 5 yaşınadək uşaqlar üçün də bileti yarı qiymətə əldə etmək mümkündür.