Bakıda yolda sürət həddinin endirilməsi yol qəzalarının sayını azaldacaqmı?

Bakıda yolda sürət həddinin endirilməsi yol qəzalarının sayını azaldacaqmı? Bakıda 14 yol sahəsində sürət hədlərinin endirilməsinə başlanılıb.
İnfrastruktur
7 Aprel , 2023 16:15
Bakıda yolda sürət həddinin endirilməsi yol qəzalarının sayını azaldacaqmı?

Bakıda 14 yol sahəsində sürət hədlərinin endirilməsinə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi bunu yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması istəyi ilə izah edir.

Agentlik sürət hədlərinin endirilməsini Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırıb. Bəs bu addım yol qəzalarının sayını azaldacaqmı? "Report" mövzu ilə bağlı nəqliyyat sahəsi üzrə ekspertlərlə həmsöhbət olub.

Onlardan biri Eldəniz Cəfərov deyir ki, Bakıda yol-nəqliyyat hadisələrinin baş verməsinin üç əsas səbəbi var: “Bunlardan birincisi sürücülərin və piyadaların yol hərəkəti qaydalarını bilərəkdən pozulması, ikincisi yollarımızın bərbad vəziyyətdə olması, üçüncüsü isə avtomobillərin nasaz olmasıdır.

Yol hərəkəti qaydalarının pozulması hallarından biri sürət həddinin aşılmasıdır. Təəssüf ki, ölkəmizdə təcrübəli sürücülər belə məsuliyyətsizlik edərək bilərəkdən sürət həddini aşırlar. Qəza baş verəndə isə bu, ağır faciələrə səbəb olur. Yəni, sürət hədlərini azaltmaq olar, amma buna paralel olaraq digər işlər də görülməlidir.

Məsələn, Bakıda piyada keçidləri yaxşı vəziyyətdə deyil, onlar vaxtında xətlənmir, axşamlar işıqlandırılmır, xəbərdaredici nişanlar yoxdur. Halbuki piyada keçidinə 100-150 metr qalmış nişanlar olmalıdır ki, sürücülər sürəti azalda bilsinlər. Bundan başqa, Bakıda hələ də qaranlıq, çala-çuxur yollar qalır. Ümid edirəm ki, sürət həddinin azaldılmasından sonra piyada keçidləri ilə bağlı problemlər həll ediləcək, qaranlıq yollar işıqlandırılacaq, çala-çuxur yollar da təmir ediləcək”.

Nəqliyyat sahəsi üzrə digər ekspert Yasin Mustafayev isə hesab edir ki, sürət hədlərinin endirilməsi yol qəzalarının qarşısını müəyyən qədər alacaq, amma bu, vəziyyətdən tam çıxış yolu deyil: "Bəzi küçə və prospektlər şəhərin “şah damarı”dır. Məsələn, Heydər Əliyev prospekti, Aeroport yolu, Ziya Bünyadov prospekti kimi yerlərdə sürət həddinin endirilməsi nəqliyyat axınının sürətini azaldacaq və yollarda sıxlığı artıracaq. Deməli alternativ tədbirlər də görülməlidir. Məsələn, Bakı-Şamaxı yolunda qəzalar, əsasən piyadaların vurulma halları çox olur. Gecə vaxtı həmin yoldakı piyada keçidlərində işıqlandırma sıfır səviyyəsindədir. Bu yolda insanların pərakəndə formada hərəkətinin də şahidi oluruq. Odur ki, işıqlandırma məsələsinə diqqət yetirilməlidir.

İlk növbədə isə keçidlərdə, kəsişmələrdə lazımi tədbirlər həyata keçirilməlidir. Eyni səviyyəli kəsişmələr gecə saatlarında çox qaranlıq olur. Burada nə avtomobili görmək olur, nə də piyadanı. Yağış yağanda bir az da çətin vəziyyət yaranır. Eləcə də bəzi intizamsız sürücülərə görə qəzalar çox olur. Avtoxuliqanlıq edənlər də olur. Onlar bununla açıq şəkildə insanlara hörmətsizlik edir, qaydaları kobud şəkildə pozurlar. Odur ki, təhlükəsizlik və müşahidə kameraları ilə nəzarəti daha da artırmaq lazımdır. Dəfələrlə olub ki, yanımızdan şütüyərək keçən avtomobil qarşıda böyük qəza törədib. İndi şəhərimizin hər yerində olan kameralardan daha prinsipial formada istifadə etmək, həmin sürücüləri cərimə etmək lazımdır”.

Xatırladaq ki, ötən il Bakıda 1 668 yol-nəqliyyat hadisəsi baş verib ki, bu da əvvəlki illə müqayisədə 1,2 % çoxdur. Bu hadisələrdə 2 290 nəfər zərər çəkib, onlardan 834-ü həyatını itirib.

Son xəbərlər

Orphus sistemi