Bakıda sıfır karbonlu tikintiyə keçid platformasının yaradılması müzakirə olunub

Bakıda sıfır karbonlu tikintiyə keçid platformasının yaradılması müzakirə olunub Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində özəl sektorun dayanıqlılıq səriştələrinin artırılması istiqamətində tədbirlərin davamı ol
İnfrastruktur
30 İyul , 2024 17:11
Bakıda sıfır karbonlu tikintiyə keçid platformasının yaradılması müzakirə olunub

Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində özəl sektorun dayanıqlılıq səriştələrinin artırılması istiqamətində tədbirlərin davamı olaraq bu gün COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev və İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai tikinti sahəsində dövlət və özəl sektorun nümayəndələri ilə görüşüb.

“Report” xəbər verir ki, “Azərbaycanda Dayanıqlı Yaşıl Tikinti” mövzusunda baş tutan dəyirmi masada yerli və xarici tikinti şirkətlərinin, həmçinin aidiyyəti dövlət qurumlarının təmsilçiləri bir araya gəlib.

Görüş tikinti sahəsinin ətraf mühitə təsirləri nəzərə alınaraq yerli tikinti şirkətlərini, tikinti-istehsal müəssisələrini, xarici şirkət və ekspertləri, eyni zamanda dövlət orqanlarının nümayəndələrini bir araya gətirib, dayanıqlı və sıfır karbonlu tikintiyə keçid istiqamətində əməkdaşlıq platformasının yaradılması məqsədi daşıyıb. Tədbir zamanı dekarbonizasiya yolunda beynəlxalq imkanlar, aşağı emissiyalı tikinti materiallarına keçidin ekoloji faydaları və bu yolda potensial çətinliklər, dayanıqlı inkişaf və iqlim dəyişmələri ilə mübarizə istiqamətində görülmüş və planlaşdırılan işlər müzakirə olunub. Dəyirmi masada M.Babayev və N.Arpadarai ilə yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, eləcə də BMT, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri, yerli və qlobal miqyasda nüfuzlu tikinti şirkətlərinin təmsilçiləri iştirak ediblər.

M.Babayev tikinti sektorunun nümayəndələrinin iqlim dəyişmələrinin təsirlərinin azaldılması istiqamətində dövlətin həyata keçirdiyi fəaliyyətlərə dəstək olaraq bu tədbirə qatılmalarını təqdir edib, sahibkarları Azərbaycanda dayanıqlı “yaşıl tikinti” mərhələsinin təşviq olunmasına töhfə verməyə çağırıb.

N.Arpadarai özəl sektorun milli iqtisadiyyatın sütunu olduğunu qeyd edərək tədbirdə iştirak edən biznes liderlərinin tikinti sektorunda dəyişikliyi təmin etməkdə mühüm rola malik olduqlarını vurğulayıb. O, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu olaraq hədəfinin dekarbonizasiya yolunda olan yerli bizneslərə dəstək olmaq və özəl müəssisələrin səslərinin eşidilməsini təmin etmək olduğunu bildirib.

A.Quliyev işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunmasına diqqət çəkib, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiq edildiyini, ekosistemin bərpa olunduğunu vurğulayıb: “Qarabağa “Böyük Qayıdış”la bağlı aparılan bərpa-quruculuq işləri regionun böyük potensialının olduğunu sübut edir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma prosesində ətraf mühitin qorunması əsas prirotetlərdəndir”.

Dəyirmi masa iştirakçıları ölkədə karbon emissiyalarının 1,5°C səviyyəsində məhdudlaşdırılması səylərini dəstəklədiyini bildirilib, emissiyaların azaldılması ilə yanaşı enerji səmərəliliyinin təkmilləşdirilməsində tikinti sektorunun rolunu anladıqlarını qeyd edib, bu istiqamətdə davamlı töhfə verməyə hazır olduqlarını vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi