Bakıda iki küçənin kəsişməsində yerləşən dairədə hərəkət məhdudlaşdırılır

Bakıda iki küçənin kəsişməsində yerləşən dairədə hərəkət məhdudlaşdırılır Qeyd edilən ərazi sabahdan avtomobillər üçün bağlı olacaq
İnfrastruktur
13 Noyabr , 2015 16:46
Bakıda iki küçənin kəsişməsində yerləşən dairədə hərəkət məhdudlaşdırılır

Bakı. 13 noyabr. REPORT.AZ/ Bakı şəhərinin Nizami rayonunda, Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsində yerləşən dairədə sabahdan etibarən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır. Məhdudlaşdırma dairədə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən aparılacaq təmir işləri ilə bağlıdır. Təmir işləri çərçivəsində dairənin köhnə asfalt-beton örtüyü qaşınaraq yenisi ilıə əvəzlənəcək. İşlərin iki gün ərzində yekunlaşdırılması planlaşdırılır. Bu barədə "Report"a cəmiyyətdən daxil olan məlumatda bildirilir. 

Qeyd edək ki, kompleks tədbirlər çərçivəsində M.Əliyev küçəsində təmir-tikinti işləri davam etdirilir. Təmir-tikinti işləri küçənin Mehdi Abbasov küçəsi ilə Rüstəm Rüstəmov küçəsi arasında yerləşən hissəsində aparılır. Uzun müddətdir təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış M.Əliyev küçəsinin təmir olunan hissəsinin uzunluğu 1 375 metr, eni isə 26,5 metrdir. Hazırda küçədə (36,5 min kv. metr sahəsində) yeni ikiqat asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Bu səbəbdən sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik tam olaraq məhdudlaşdırılıb.

Küçə boyu səth suların normal kənarlaşdırılması üçün yağış-kanalızasiya sistemi olmadığından yolun hərəkət hissəsinə yığılan sular yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasına səbəb olurdu və nəqliyyat vasitələrinin hərəkətinə maneəçilik törədirdi. Artıq bu problem də öz həllini tapıb. Belə ki, təmir-tikinti işlərinin aparıldığı hissədə “Azəryolservis” tərəfindən yeni yağış-kanalızasiya sistemi qurulub, yeni yağış barmaqlıqları qoyulub, mövcud kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.

"Əvvəllər küçə boyu piyada səkilərinin olmaması vətəndaşların da təhlükəsiz hərəkətində problemlər yaradırdı. Artıq bu problemin də həll edilməsi istiqamətində müvafiq addımlar atılıb. Belə ki, küçə boyu hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri qurulub, 2 700 paqon metr yeni səki daşları düzülüb", - deyə ASC-dən bildirilib.

Son xəbərlər

Orphus sistemi