Bakı. 4 mart. REPORT.AZ/ Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində aparılan abadlıq-quruculuq işləri çərçivəsində yeni su-kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar olaraq sabahdan Abşeron küçəsinin Maştağa-Bilgəh avtomobil yolu ilə kəsişməsində qazıntı işləri aparılacaq. "Report"un "Azəryolservis" ASC-yə istinadən verdiyi xəbərə görə, işlər 3 gün müddətində davam edəcək.
İşlərin aparılacağı müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yəni qazıntı işləri bir hərəkət istiqaməti üzrə aparılıb yekunlaşdırıldıqdan sonra digər hərəkət istiqaməti üzrə davam etdiriləcək. Bu zaman işlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılaraq, əks istiqamət üzrə hər iki tərəfə avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunacaq.
Abşeron küçəsinin Maştağa-Bilgəh avtomobil yolu ilə kəsişməsində sıxlığın yaranmaması üçün sürücülərdən alternativ yollardan istifadə etməkləri tövsiyə olunur.