Bakıda 122 min yaşayış binası köçürüləcək - YENİLƏNİB
- 22 dekabr, 2016
- 10:25
İlk xəbər saat 13:58-də verilib
Bakı. 22 dekabr. REPORT.AZ/ Bakı şəhərində 2035-ci ildək ümumi yaşayış fondu 97 781 kv.metr, adambaşına yaşayış sahəsi isə 25 kv. m təşkil edəcək.
"Report" xəbər verir ki, bu, Bakı Dövlət Layihə İnstitutunun hazırladığı Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırma planında (Baş Plan) nəzərdə tutulub.
Plana görə, 2035-ci ilədək paytaxtda 121 919 bina köçürülməyə məruz qalacaq. Binaların köçürülməsi səbəbləri sırasında yolların yenidən qurulması, dövlət əhəmiyyətli obyektlərin tikintisi, yaşayış ərazilərinin yenidən qurulması və s. göstərilir.
Bundan başqa, 2035-ci ilədək Bakıda mehmanxanaların tutumunun (nömrə) 60 min, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin 81 ədəd, ali təhsil müəssisələrinin sayının 51 ədəd olacağı proqnozlaşdırılır.
***
Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırma Baş Planı çərçivəsində ərazi planlaşdırma sxeminin həyata keçirilməsi üzrə investisiyaların təxmini həcmi 2035-ci ilədək 283,972 mlrd. manat təşkil edəcək.
Qeyd edək ki, bu gün ictimai müzakirəyə çıxarılan Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırma planı (Baş Plan) təsdiq edilib və Nazirlər Kabinetinə təqdim olunacaq.