“2019-cu ilin ən əhəmiyyətli dəmir yolu hadisələrindən biri də Türkiyədən keçməklə Çindən-Avropaya ilk tranzit qatarının yola salınması olub. “Marmaray” və “Bakı-Tbilisi-Qars” dəmir yolu xəttinin Çinin "Bir kəmər, bir yol" layihəsi ilə birləşdirilməsi nəticəsində Türkiyə Asiya ilə Avropa, Yaxın Şərq və Afrika arasında yük daşımalarında "tranzit dəhliz"inə çevrilib”.
“Report” xarici mətbuata əsasən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Cahit Turhan deyib.
C.Turhan bildirib ki, Türkiyə Dövlət Dəmir yolları (TCDD) "Bakı-Tbilisi-Qars" dəmir yolu xətti ilə "Orta dəhliz"dən daha səmərəli və məhsuldar istifadə etmək üçün region ölkələri ilə əməkdaşlığı gücləndirdirir, sadələşdirilmiş gömrük prosedurları və yüksək tutumlu vaqonlara qədər bir çox sahədə mühüm addımlar atılır və yük daşımaları hər gün artır.
Nazir vurğulayıb ki, ilk mərhələdə Qazaxıstan (Kokşetau) -Türkiyə (Mersin) arasında 4 700 km məsafədə başlayan daşınmalar, Türkiyə-Gürcüstan-Azərbaycan-Rusiya-Türkmənistan-Özbəkistan-Tacikistan-Qırğızıstan-Qazaxıstan-Çin və Çin-Avropa destinasyonlarıyla davam edir. Bu istiqamətdə BTQ vasitəsi ilə həftə də 3 qatar istismar olunur. BTQ istismara verilməsindən bəri bu istiqamətdə 7 233 konteyner və 318 min ton yük daşınıb. Bu da 2019-cu ildə 2018-ci ilə nisbətən daşınmalarda 3 dəfə artması deməkdir.
Xatırladaq ki, 2017-ci il oktyabrın 30–da istifadəyə verilən BTQ ilə yükdaşımaların həcmi durmadan artır. Belə ki, 2018-ci ildə il bu xətlə 4135 (TEU), ötən il isə 5810 (TEU) konteyner daşınıb.