Fevralın 22-dən fevralın 23-nə keçən gecə UEFA Avropa Liqasının keçid pley-off mərhələsində mübarizə aparan “Qarabağ Futbol Klubu" MMC-nin ev oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında gecə saatlarında başa çatacaq matça görə metropolitenin stansiyalarında iş saatları fevralın 22-dən fevralın 23-nə keçən gecə 1 saat uzadılacaq.
“Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionundan çıxacaq sərnişinlərin gecə saatlarında mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Həmçinin, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə və qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq stansiyalarda bir sıra tədbirlər görüləcək. Paytaxtımızda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Stansiyaya, əlavə işçi qüvvəsi ayrılmaqla, növbətçilik cədvəli tərtib ediləcək. Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da nəzərdə tutulacaq.
Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarlar payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun hərəkət edəcək. Axşam gur saat vaxtından sonra, zərurət yaranarsa, xəttə ehtiyat qatarlar buraxılacaq.