Bakı. 28 mart. REPORT.AZ/ Bakı metropoliteninin yollarında müasir dünya standartlarının tətbiqi ilə bağlı ən əhəmiyyətli yenilik yeni inşa olunan xətlərdə beton blokların tətbiqi olacaq. Bununla bağlı son hazırlıq tədbirləri yekunlaşmaq üzrədir.
"Report" xəbər verir ki, bu barədə "Bakı metropoliteni" QSC-nin məlumatında bildirilir.
Məlumatda deyilir ki, yerli şəraitdə istehsalı da nəzərə alınmaqla, bu yeniliyin tətbiqi nəticəsində yolların daha keyfiyyətli və sürətli olmasına, davamlı və uzunömürlü materiallarla təchiz edilməsinə, ölkədən kənar gətirilən şpallardan asılılığı azaltmasına, onlara qulluğun dəfələrlə sadələşməsinə və asanlaşmasına nail olunacaq.
"Bu isə metropolitenin daha səmərəli, ən əsası, sərnişinə daha təhlükəsiz və rahat xidmət göstərməsini təmin edəcək. Sonrakı dövrlərdə isə hazırda istismarda olan yollarda da beton blokların tədricən taxta şpalları əvəz etməsi bu işlərin məntiqi yekunu olacaq",- deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, beton blokların istehsalı məqsədilə Almaniyanın “Vollert” şirkətindən Avropa standartlarına cavab verən yeni avadanlıqlar alınmaqla “Bakı Metropoliteni” QSC-nin strukturuna daxil olan dəmir-beton konstruksiyaları sahəsində yeni istehsalat sahəsi yaradılıb və istehsal prosesinə başlanılıb. Həmçinin optimal tələblər əsasında, yolun digər üstquruluşu materiallarının beton bloklara uyğunluğu təmin edilib. Onların çeşidi, keyfiyyəti, ölçüləri, yerli şəraitə uyğunluğu, geoloji, texniki və təhlükəsizlik tələblərinə cavab verməsi, etibarlığı, həmçinin gələcəkdə ağac şpalların beton bloklarla əvəzlənməsi üçün mövcud imkanlara qədər hər bir məsələyə həssaslıqla yanaşılıb. Bununla əlaqədar xüsusda yolun bərkidilməsi üçün üç variant arasından ən münasibi hesab edilmiş "300 UTS" markalı rels bəndləriseçilib. Prosesin məntiqi yekunu "Bakı metropoliteni"nin Avropa standartlarına - hazırda dünyanın əksər ölkələrində uğurla tətbiq edilən RHEDA yol tipinə keçid olacaq. Bu, gələcəkdə yol təsərrüfatının tam yeni əsaslara keçirilməsinin təməli olmaqla, onun potensialının, işin səmərəsinin artırılmasını, maddi-texniki bazasının yenidən qurulmasını təmin edəcək.