“
Bu barədə "Report"a qurumdan bildirilib.
Məlumatda deyilir ki, metronun sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinin yeni qurğudan düzgün istifadə etməsi üçün hazırlanmış təlimatın təqdimatı keçirilib.
Mərasimdə əlil arabasından istifadə edən sərnişinlərə metropolitendə yardımçı olacaq mobil işçi qrupunun üzvləri ilə yanaşı, layihənin tətbiqi prosesinin əvvəlindən metropolitençilərlə birgə sınaqlarda iştirak edən Cəmilə Məmmədova, həmçinin ictimai fəal Orxan Adıgözəldə iştirak ediblər.
Avtomatik rejimdə çalışan "T09 Roby" tırtıllı qurğu İtaliyada istehsal olunub. O, sabit sürətlə hərəkət edir və texniki təchizatına görə tam təhlükəsizdir. Qurğunun əsas üstünlüklərindən biri də pilləkənlər və eskalatorlar üzərində hərəkət zamanı tırtıllı hissənin əlil arabasının hərəkətinin tələblərinə tam uyğun olmasıdır. Bu zaman məhz tırtıllı hissə hərəkət sahəsinə uyğun bucaq altında tənzimlənir. Bu da sərnişinə özünü rahat və təhlükəsiz hiss etməsinə imkan verir.
Təqdimat zamanı qurğudan istifadə qaydaları ilə bağlı mobil işçi qrupuna müvafiq izahatlar verilib, buna qədər tətbiq edilən qurğulardan fərqi və üstünlükləri ətrafında müzakirələr aparılıb. Cəmilə Məmmədova və Orxan Adıgözəl tövsiyələrini bildirib, təkliflərini söyləyib, maraqlandıqları suallara cavab alıblar.
Müzakirələrdə bu layihənin təkcə müxtəlif sosial təbəqələrin cəmiyyətə inteqrasiyası baxımından deyil, həmçinin bütün sərnişinlər arasında ümumi davranış mədəniyyətinin inkişaf etdirilməsinə xüsusi təsiri olacağı əminliklə ifadə olunub.
Daha sonra mobil işçi qrupu üzvlərinin yeni qurğu ilə praktiki məşğələlərinə başlanılıb. Avadanlıqdan istifadə qaydaları, sərbəst idarəetmə vərdişlərinin mənimsənilməsi üçün treninqlər keçirilib.
Bu təqdimat və ümumiyyətlə, layihənin həyata keçirilməsində atılan addımlar "Bakı Metropoliteni"ndə əlil arabaları ilə hərəkət edən sərnişinlərin metropolitendən istifadə imkanlarının genişləndirilməsini, təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayacaq. Bu işə təhkim edilmiş sahələr məsələ ilə bağlı daim araşdırmalar aparacaq, dünya təcrübəsi və texnologiyaların inkişafını öyrənəcəklər. Eyni zamanda "Bakı Metropoliteni" QSC hərəkət məhdudiyyəti olan insanlarımızı da bu layihənin inkişaf etdirilməsi, təkmilləşdirilməsi, onun daha faydalı olması üçün fikir və təklif bildirməyə, bu işə dəstək verməklə cəmiyyətimizdə qarşılıqlı hörmət üzərində qurulan sağlam münasibətlərin daha da dərinləşdirilərək geniş təbliğ olunmasına dəvət edir.