"Azərsu" Koreyanın "Hansol" şirkəti ilə müqavilə imzalayıb

"Azərsu" Koreyanın "Hansol" şirkəti ilə müqavilə imzalayıb Koreya "Eximbank"ı layihənin maliyyələşdirilməsinə 43,5 mln. dollar kredit ayırıb
İnfrastruktur
5 Aprel , 2016 14:24
Azərsu Koreyanın Hansol şirkəti ilə müqavilə imzalayıb

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan və Koreya Respublikası İxrac-İdxal Bankının (Eximbank) birgə maliyyələşdirdiyi “Pirşağı Çirkab Su Təmizləyici Qurğusu” layihəsi üzrə podrat müqaviləsinin imzalanma mərasimi keçirilib. “Report” ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə “Azərsu” ASC ilə beynəlxalq tenderin qalibi olan Koreyanın “Hansol EME Co. Ltd." şirkəti arasında imzalanıb.

İmzalanma mərasimində ASC-nin sədri Qorxmaz Hüseynov ölkə əhalisinin keyfiyyətli, fasiləsiz içməli su, həmçinin kanalizasiya xidmətləri ilə təmin olunduğunu və bəzi layihələrin beynəlxalq maliyyə qurumları ilə birgə reallaşdırıldığını qeyd edib: “Bu sahədə Koreya Respublikasının maliyyə qurumları və şirkətləri ilə əməkdaşlıq xüsusi qeyd edilməlidir. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirdiyimiz layihə çərçivəsində qısa müddətdə Kürdəxanı qəsəbəsinin içməli su təchizatı sistemi yenidən qurulub. Növbəti qrant layihəsi çərçivəsində Beyləqan rayonunun Xocavənd qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi icra olunacaq. Pirşağı qəsəbəsinin yaxınlığında tikiləcək çirkab sutəmizləyici qurğunun tikintisi Abşeron yarımadasının kanalizasiya infrastrukturunun inkişafına töhfə verəcək”.

“Hansol” şirkətinin vitse-prezidenti Hi-Jun Cho Azərbaycanda həyata keçirilən su və kanalizasiya layihələrində iştirakdan məmnunluğunu ifadə edib, layihənin qısa müddətdə və keyfiyyətlə icra edilməsi üçün bütün imkanlardan istifadə olunacağını bildirib.

Qeyd edək ki, “Pirşağı Çirkab Su Təmizləyici Qurğusu” layihəsi çərçivəsində sutkalıq məhsuldarlığı 40 min kubmetr olan müasir tipli bioloji tullantı təmizləyici qurğu tikiləcək. Müasir standartların tələblərinə uyğun olaraq qurğunun qapalı rejimdə layihələndirilməsi, yarana biləcək qoxunun neytrallaşdırılması üçün xüsusi biosüzgəclərdən istifadə olunması nəzərdə tutulur.

Yeni qurğu istismara verildikdən, ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısı alınacaq. Gələcəkdə Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa və digər yaşayış məntəqələrinin tullantı suları bu qurğuda təmizlənərək kənarlaşdırılacaq. Podrat müqaviləsi üzrə tikinti-quraşdırma işlərinin 2016-cı ilin III rübündə başlanması və 2018-ci ildə yekunlaşması planlaşdırılır.

Xatırladaq ki, layihənin maliyyələşdirilməsi üçün Koreya "Eximbank"ı 43,5 mln. dollar kredit ayırıb, bununla bağlı kredit sazişi 2014-cü ildə imzalanıb.

Son xəbərlər

Orphus sistemi