Bakı. 25 noyabr. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlin şəhərində Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin əhəmiyyətinə həsr olunmuş növbəti tədbir keçirilib.
“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın aidiyyəti qurumlarının nümayəndələri ilə yanaşı, Almaniyanın yükdaşımalarla məşğul olan logistik şirkətlərinin 100-ə yaxın nümayəndəsi iştirak edib.
Almaniya-Azərbaycan Forumunun İdarə Heyətinin üzvü, "Deutsche Bank"ın Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tils, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov və Almaniya İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Mixael Harms salamlama nitqi ilə çıxış ediblər.
R.Həsənov çıxışında Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində və qeyri-neft sektorunun inkişafında nəqliyyat sektorunun əhəmiyyətini vurğulayıb və Azərbaycanın transregional nəqliyyat bağlantılarının daha da gücləndirilməsinə verdiyi töhfə barədə danışıb. O, Azərbaycanın həyata keçirdiyi regional layihələr və alman şirkətləri üçün yaranan biznes perspektivlərini qeyd edib.
M.Harms isə çıxışında bu il Azərbaycanda səfərdə olduğunu və təmsil etdiyi Almaniya İqtisadiyyatının Şərq Komitəsinin gələn il ölkəyə yüksək səviyyəli nümayəndə heyətinin səfərini həyata keçirəcəyini bildirib. O, Azərbaycanda dinamik inkişafın şahidi olduğunu, müxtəlif sahələrdə iqtisadi islahatların aparıldığını və nəqliyyat və logistika sahələrində əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğulayıb.
Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofis rəhbəri Elçin Əhmədov əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, ölkəmizin tranzit potensialının reallaşdırılması, nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində görülmüş işlər barədə məlumat verib. O qeyd edib ki, Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan, tranzit və yükdaşıma baxımından səmərəlidir. Şərq-Qərb nəqliyyat dəhlizinin tranzit müddəti 15 gündür. Dəhliz boyu sabitlik və təhlükəsiz, dəhliz dövlətləri arasında sıx əməkdaşlıq, müasir standartlara cavab verən infrastruktur Şərq-Qərb nəqliyyat dəhlizinin önəmini daha da artırır. Bu dəhliz Çinin "Bir kəmər - Bir yol" təşəbbüsünün mühüm komponentinə çevrilib.
Trans-Xəzər dəhlizi üzrə yükdaşımaların üstünlüklərindən bəhs edən "ADY Konteyner MMC-nin direktoru Natiq Cəfərov və Azərbaycan Dövlət Dəniz Administrasiyasının aparat rəhbəri Əhməd İsmayılov dəhliz üzrə daşımaların artırılması imkanları, marşrut boyu "bir pəncərə" sisteminin tətbiqi, regional tərəfdaşlığın gücləndirilməsi, regionda həyata keçirilən infrastruktur layihələri barədə məlumat veriblər.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (BBDTL) baş direktorunun müşaviri Tural Əliyev limanda azad ticarət zonasının yaradılması və onun regionda nəqliyyat-logistika qovşağına çevrilməsindən bəhs edərək investisiya imkanlarını diqqətə çatdırıb.
Dövlət Gömrük Komitəsinin nümayəndəsi Fərid Vəliyev Azərbaycanda sərhəd keçid və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi və bu sahənin müasir standartlara çatdırılması istiqamətində aparılan işlər barədə məlumat verib.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, iştirakçılar arasında olan "Ardelt" şirkətinin nümayəndəsi təmsil etdiyi şirkətin istehsalı olan 6 ədəd portal kranının BBDTL üçün təchiz edilməsi layihəsi barədə məlumat verib, Azərbaycandankə biznes mühitinin əməkdaşlıq üçün əlverişli olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Forum çərçivəsində Almaniya logistik şirkətləri ilə ikitərəkli görüşlər keçirilib, müzakirələr aparılıb.