Azərbaycanın ticarətini artıran yeni dəmir yolu layihəsi reallaşacaqmı?

Azərbaycanın ticarətini artıran yeni dəmir yolu layihəsi reallaşacaqmı? Türkiyə, İran və Pakistan 2009-cu ildə başladılan İstanbul-Tehran-İslamabad (ITI) dəmir yolu layihəsini canlandıracaqlarını elan ediblər.
İnfrastruktur
21 Yanvar , 2021 14:02
Azərbaycanın ticarətini artıran yeni dəmir yolu layihəsi reallaşacaqmı?

Türkiyə, İran və Pakistan 2009-cu ildə başladılan İstanbul-Tehran-İslamabad (ITI) dəmir yolu layihəsini canlandıracaqlarını elan ediblər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, dəmir yolu layihəsi üzrə bir neçə sınaq reylsləri həyata keçirilməsinə baxmayaraq, tam fəaliyyətə başlamayıb.

Ötən ay İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat və rabitə nazirlərinin iclasında Türkiyənin nəqliyyat naziri Adil Karaismailoğlu bildirib ki, layihə üzrə işlərə bu il yenidən başlanacaq. Tarif dərəcələri və vaxt cədvəli hazırlandıqdan sonra, əvvəlcə konteynerlərin hərəkəti, daha sonra adi vaqonlarda yüklərin daşınması təmin ediləcək.

Qeyd edək ki, dəmir yolu tam hazır olanda İran, Türkiyə və Pakistan liderləri tərəfindən 1985-ci ildə qurulan inkişaf, ticarət və investisiya platforması olan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Əfqanıstan, Azərbaycan və beş Orta Asiya dövləti daxil olmaqla, digər ölkələrin də ticarətini artıra bilər. Dəniz yolu ilə 45 gün çəkən 6,5 min km-lik Pakistan-Türkiyə marşrutu üzrə dəmir yolu ilə daşıma müddəti təxminən 11 günə enəcək.

Pakistanın ən yüksək iqtisadi qurumu tərəfindən ötən ilin avqust ayında təsdiqlənən layihə 6,8 milyard ABŞ dollarına başa gələcək, maliyyənin 90 %-ni Çin təmin edəcək və layihənin 2026-cı ilin sonuna qədər tamamlanması gözlənilir.

Bölgə üçün böyük potensiala malik ITI dəmir yolu layihəsinin yekunlaşdırıla bilməməsinin əsas səbəbi isə İrana tətbiq edilən iqtisadi embarqolardır. Quetta Ticarət Palatasından olan Pakistanlı iş adamları barter razılaşması və ya maliyyə əməliyyatları üçün məhdudiyyətlərdən azad banklardan istifadə etmələrini təklif etsələrdə, bu heç bir nəticə verməyib.

Bundan başqa, qeyri-kafi infrastruktur səbəbindən, marşrut Birləşmiş Millətlər Təşkilatı tərəfindən beynəlxalq bir dəhliz kimi tanınmasına baxmayaraq, yalnız yük qatarı səyahətləri sınaqdan keçirilib. Keçmiş Pakistan dəmir yolları naziri Qulam Əhməd Bilurun sözlərinə görə, yük qatarları xidməti tam işə salındıqdan sonra sərnişindaşıma xidməti nəzərdən keçiriləcək

Nəhayət, Pakistanın dəmir yolunu beynəlxalq xətlərə qoşulması üçün yenilənməyə ehtiyacı var. Pakistanın dəmir yolu, ölkənin cənub-qərbindəki Bəlucistan əyalətindəki Quettadan ITI dəmir yolu marşrutu ilə birləşəcək. ITI dəmir yolu layihəsində istifadə ediləcək Quetta-Taftan dəmir yolu xətti bir əsr əvvəl inşa edilib və böyük ölçüdə yenilənməlidir.

Ötən ilin avqust ayında Pakistanın dəmir yolları naziri yenilənmə üçün texniki-iqtisadi əsaslandırmanın tamamlandığını və 112 milyard Pakistan rupisinin (694 milyon ABŞ dolları) təmirə xərclənəcəyini açıqlamışdı. ITI qatarının qrafikə uyğun olaraq işə düşməsi üçün bu prosesin sürətlə yekunlaşması lazımdır.

Xatırladaq ki, dəmir yolu xəttindəki geçikmələr eyniylə 3 ölkə arasındakı Regional İnkişaf üçün Yol layihəsini xatırladır. Bu magistral yol 1964-cü ildə qurulan İnkişaf üçün Regional Əməkdaşlıq platforması çərçivəsində avtomobil və dəmir yolu vasitəsi ilə iqtisadi əlaqələri artırmaq üçün ilk cəhdi idi.

ITI dəmir yolu İran üçün xüsusilə cəlbedicidir, çünki ABŞ sanksiyalarına məruz qalan ölkə iqtisadiyyatını stimullaşdırmağa kömək edə bilər.

“Tehran üçün bu cəlbedici alternativ ticarət yoludur, çünki İƏT ölkələri yerli valyutalarla ticarət edirlər. böhran və müharibə dövründə bu cür alternativ quru ticari yolları çox dəyərli və gəlirlidir”, - deyə Varşava Müharibə Araşdırmaları Akademiyasının Asiya Araşdırmalar Mərkəzinin Qərbi Asiya analitiki Lukaş Pşıibışevski (Lukasz Przybyszewski) deyib.

Çin uzun müddətdir ki, Türkiyə ilə dəmir yolu əlaqələri qurmaq istəyir. Dekabrın 4-də Türkiyənin ilk ixrac qatarı İstanbuldan Çinə yola düşmüş və dekabrın 19-da Çinin Sian şəhərinə çatmışdı. Qatar, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə dövriyyəli olaraq Xəzər Beynəlxalq Tranzit Yolunu izlədi. ITI dəmir yolu xətti Pekini Pakistan vasitəsilə həm İran, həm də Türkiyəyə bağlayaraq, Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün bir hissəsinə çevrilə bilər. Ancaq, bu layihə Pakistanın dəmir yolu infrastrukturunu yeniləyə biləcəyi təqdirdə reallaşacaq.

Son xəbərlər

Orphus sistemi