Azərbaycanın logistik gücü: “Rels diplomatiyası”

Azərbaycanın logistik gücü: “Rels diplomatiyası” Beynəlxalq ticarətin mühüm arteriyası: Azərbaycanın logistika mərkəzinə çevrilməsində dəmir yollarının mühüm rolu
İnfrastruktur
28 İyun , 2024 20:04
Azərbaycanın logistik gücü: “Rels diplomatiyası”

Beynəlxalq ticarətin mühüm arteriyası: Azərbaycanın logistika mərkəzinə çevrilməsində dəmir yollarının mühüm rolu

Rusiya–Ukrayna müharibəsi fonunda sürətlə dəyişən geosiyasi vəziyyət qlobal təhlükəsizlik risklərini artırmaqla bərabər, qlobal ticarətə də birbaşa mənfi təsirini göstərdi. 2022-ci ildən bəri davam edən müharibə nəticəsində Avropa və Asiyanı birləşdirən ənənəvi ticarət yollarının əhəmiyyəti azalmış və yeni alternativ ticarət dəhlizlərinin əhəmiyyəti yenidən artmışdır. Məhz bu baxımdan Qərb ölkələrini Asiya regionu ilə birləşdirən əsas alternativ ticarət dəhlizlərindən biri Orta Dəhliz marşrutudur. Əsasən Orta Dəhliz olaraq bilinən və xüsusi strateji əhəmiyyətə malik bu dəhlizin əsas iştirakçılarından biri də Azərbaycandır.

Azərbaycanın bu layihədəki əsas strateji üstünlüyü Mərkəzi Asiya regionunu Xəzər dənizi hövzəsi vasitəsilə Türkiyəyə və daha sonra Avropaya birləşdirməsidir. Şübhəsiz ki, coğrafi üstünlüyünü öz xarici siyasətinin əsas təsir mexanizmlərindən birinə çevirən Azərbaycanın əsas məqsədi dünyanın aparıcı logistika mərkəzinə çevrilməkdir. Bu məqsədlə son bir neçə ildə Azərbaycan bir sıra strateji əhəmiyyətli nəqliyyat-logistik layihələrin icrasını həyata keçirdi. Məsələn, 2024-cü ildə Azərbaycan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirmə prosesini uğurla başa çatdırdı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisinin genişləndirilməsi ilə bağlı ölkə başçısının tapşırığına əsasən hazırda ikinci faza üzrə Limanın Baş planı hazırlanır.

Logistika mərkəzinə çevrilmə yolunda beynəlxalq əməkdaşlıq

ADY rəhbərliyinin son aylar Türkiyə, Gürcüstan, Çin və Orta Asiya respublikalarına səfərləri Azərbaycanın yeni logistika mərkəzinə çevrilməsi üçün atılan addımların sürətini və effektivliyini artırdı.

ADY rəhbərliyinin Çinə səfəri Orta Dəhliz marşrutu ilə Azərbaycan üzərindən daha böyük həcmdə yüklərin daşınması barədə razılığın əldə edilməsi ilə nəticələndi. Çinin dəmir yolları və aparıcı logistika şirkətlərinin rəhbərləri ilə görüşlərdə Sian limanı ilə yanaşı, Lianyunqanq limanında da göndərilməsinə qərar verildi və bu ayın əvvəlində həmin limandan yüklər yola salındı. Avstriya səfəri zamanı bu ölkənin dəmir yolu qurumlarının rəhbərləri Orta Dəhlizlə Avropa bazarlarına daşımaların əhəmiyyəti barədə ətraflı məlumatlandırıldı, aparıcı Avstriya şirkətləri gələcək yükdaşımalarda bu dəhlizə daha çox müraciət edəcəklərini bildirdilər.

ADY nümayəndə heyətinin Orta Asiya ölkələrinə səfərləri zamanı türkmənistanlı, özbəkistanlı və tacikistanlı həmkarları ilə dəmir yolu sahəsində əlaqələrin gücləndirilməsi və yük dövriyyəsinin, eyni zamanda Orta Asiya–Avropa–Orta Asiya və Çin–Avropa–Çin istiqamətlərində multimodal yük daşımalarının həcminin artırılması, Orta Dəhlizə yeni yüklərin cəlb olunması və bu dəhlizin imkanlarının Avropa bazarlarında tanıdılması müzakirə edilərək müvafiq razılaşmalar əldə olunub.

Ekoloji cəhətdən ən səmərəli nəqliyyat vasitəsi – qatarlar

Dəmir yollarının inkişafı effektiv yük daşımalarının təmin edilməsi ilə yanaşı, həm də ekoloji məsələdir və “yaşıl iqtisadiyyat” konsepsiyasına uyğundur. Dünyada ekologiyaya ziyan vurmadan yükdaşıma əməliyyatlarını həyata keçirən nəqliyyat növü məhz dəmir yolu hərəkət vasitələridir. Azərbaycanın mötəbər COP29 tədbirinə ev sahibliyi etməsi qlobal iqlim dəyişikliyi və ekoloji problemlərlə mübarizədə də ölkəmizi örnək addımlar atmağa sövq edir. Bu mənada ADY-nin gördüyü işlər, dəmir yolları vasitəsilə daşınan yüklərin həcminin ildən-ilə artması həm də ekologiyaya verilən töhfədir – bir vaqonda 4 yük avtomobilinin daşıya biləcəyi yük daşınır, bir yük qatarı onlarla iritonnajlı avtomobili əvəz edir. Beləliklə, dəmir yolları vasitəsilə yükdaşımaların artması havanın çirkləndirilməsinin qarşısını alan ciddi amilə çevrilir.

Orta Dəhlizin səmərəliliyinin artırılmasında dəmir yollarının rolu

ADY sədrinin Orta Asiya ölkələrinə səfəri zamanı Orta Dəhliz layihəsinin şaxələndirilməsi üçün faydalı görüşlər keçirildi. Orta Asiya respublikalarının Çinlə də yeni infrastruktur layihələri üzərində işləməsi gələcəkdə Orta Dəhlizin önəmini, xətlərin birləşdirilməsi nəticəsində Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən Qərb-Şərq-Qərb marşrutu ilə yükdaşımaların həcmini artırmaqla yanaşı, ölkəmizin geosiyasi və coğrafi önəmini də artırır.

Bu ilin iyun ayında Özbəkistan, Qırğızıstan və Çin hökumətləri arasında dəmir yolu ilə bağlı saziş imzalanıb. Razılaşmaya uyğun olaraq, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu, yəni Kaşqar–Toruqart–Məkmal–Cəlalabad–Əndican marşrutu boyunca yükdaşımaların illik həcmi 15 milyon tona çata bilər və malların son istehlakçılara çatdırılma müddəti 7 günə qədər azalacaq. Bundan əlavə, müasir tranzit və logistika infrastrukturu, anbarlar və terminallar yaradılacaq.

ADY rəhbərliyinin Özbəkistan, Tacikistan və Qırğızıstan rəsmiləri ilə görüşü yeni imkanlara və Orta Dəhlizin çoxşaxəli modelə keçidi ilə bağlı məsələlərin həllinə yönəlmişdi. Bundan başqa, Orta Dəhlizin regional əhəmiyyəti heç də az deyil – ADY türk dövlətlərini “dəmir bağlar”la bir-birinə inteqrasiya etmək üçün çox işlər görür. Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin ümumi ərazisi 4 milyon 731 min 213 km², əhalisi təqribən 163 milyon nəfər, ÜDM-i isə 1 trilyon 200 milyard ABŞ dollarından çox təşkil edir. Bu, böyük ərazi və böyük bazardır və bunun üzərinə ölkələrin təbii resurslarını, əlverişli coğrafi mövqelərini də gəlsək, bu birliyin dünya geosiyasəti və iqtisadiyyatında mühüm rol oynamaq üçün bütün perspektivləri var. Bu nöqteyi-nəzərdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elan etdiyi ölkəmizin strateji inteqrasiya yolunda ADY-nin gördüyü işlər mühüm əhəmiyyət kəsb edir. TDT-yə daxil olan ölkələr arasındakı ticarətin artması üçün də dəmir yolları həlledici əhəmiyyətə malikdir.

Azərbaycan yükdaşımalarda etibarlı tranzit ölkə kimi

2023-cü ildə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən Prezident İlham Əliyev 2022-ci ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 3 dəfədən çox, 2023-cü ilin 7 ayı ərzində isə daha 50 % artdığını bildirib. Bundan başqa, birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard ABŞ dollarından artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb.

Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində Orta Dəhlizlə yükdaşımalarda etibarlı tranzit ölkəsidir. 2024-cü ilin yanvar-may ayları ərzində ADY tərəfindən Orta Dəhlizlə 1 milyon 344 min ton tranzit yükü daşınıb. Bu göstərici ötən ilin müvafiq dövründə daşınan 1 milyon 240 min ton yük ilə müqayisədə 8% çoxdur.

Orta Dəhlizin şaxələndirilməsində Avropa ölkələrinin də ciddi marağı var – beynəlxalq araşdırmalara görə, bu il qədim İpək Yolunun şərq terminalı olan mərkəzi Çindən Mərkəzi Asiya və Xəzər dənizi vasitəsilə Cənubi Qafqaza təqribən 150 min ton yük daşınacaq. Orta Dəhliz marşrutu daha çox populyar tədarük marşrutlarına alternativ kimi qəbul edilir və Azərbaycan, Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə institusional zəmin yaratmaqla öz regionlarının qlobal quru ticarətin dayaq nöqtəsi kimi rolunu artırmağa çalışırlar.

Çinlə Avropa İttifaqı ölkələri, Böyük Britaniya və İsveçrə də daxil olmaqla ticarət dövriyyəsi 900 milyard ABŞ dollara yaxındır. Bu yüklərin böyük əksəriyyəti dəniz üzərindən daşınsa da, son zamanlar qlobal təhdid və təhlükələri nəzərə alaraq quru yollarla, əsasən də dəmir yolları ilə yükdaşımalara maraq kəskin artıb. Bu kontekstdə ADY-nin yeni müqavilələri, yükdaşımaların təşkilində innovativ və ədalətli sistemin təsis edilməsi böyük logistik bazardan ciddi pay almağa imkan yaradır.

Bu ilin yanvar-may ayları ərzində ADY tərəfindən 7,7 milyon tondan çox yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 % çox olub. Analoji dövrdə daşınan tranzit yüklərin həcmi isə 3,3 mln tona yaxın olub və ötən illə müqayisədə 10,4 % artıb. Tranzit yüklərin 260 min tonu konteynerlər (41 min TEU konteyner) vasitəsilə daşınıb.

Qərblə Şərq arasında ticarət dövriyyəsini nəzərə alaraq, ilkin mərhələdə yükdaşımaların 10%-nin Orta Dəhliz vasitəsilə həyata keçirilməsinə nail olmaq mümkün olsa, bu, Azərbaycana əlavə tranzit gəlirləri gətirməklə yanaşı, ölkənin nüfuzunun daha yüksəlməsinə xidmət edəcək.

Strateji coğrafi mövqeyi, inkişaf etmiş logistik infrastrukturu ilə regionun və dünyanın əhəmiyyətli logistika mərkəzlərindən birinə çevrilən Azərbaycan logistik potensialını artırmaq və regional inteqrasiyanı gücləndirmək üçün əhəmiyyətli imkanlar təqdim edir. Azərbaycan Dəmir Yolları bu məqsədlərə çatmaq üçün modernləşdirmə və inkişaf layihələrinə önəm verir və bu sahədə mühüm addımlar atır. Görülən bu işlər Azərbaycanın beynəlxalq yük daşımalarında mühüm rolunun daha da gücləndirməsini təmin edəcək.

Orta Dəhliz layihəsinin yenidən gündəmə gəlməsi ilə Azərbaycana özünün geostrateji əhəmiyyətini yenidən vurğulamaq imkanı yarandı. Bu, əsasən, rəsmi Bakıya həm Avropa, həm də Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı münasibətlərdə yeni mərhələyə qədəm qoymağa imkan yaratdı. 2020-ci ildən sonra regional gücə çevrilən Azərbaycan həm regional, həm də qlobal maraqlarını daha rahat şəkildə ifadə etmək imkanı qazandı. Nəticədə nəqliyyat sahəsindəki infrastruktur layihələrinə edilən böyük yatırımlar qısa zamanda Azərbaycanın qlobal və regional aktorlar tərəfindən Asiyaya gedən ən etibarlı və ən qısa yol kimi qəbul edilməsinə gətirib çıxardı. Bununla belə, Azərbaycan növbəti illərdə də strateji əhəmiyyətli nəqliyyat infrastrukturu layihələrinə investisiyaları davam etdirmək və Orta Dəhlizi dünyanın əsas ticarət arteriyasına çevirmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi