Azərbaycanda istilik təchizatı sahəsində hansı yeniliklər gözlənilir?

Azərbaycanda istilik təchizatı sahəsində hansı yeniliklər gözlənilir? Azərbaycanda istilik təchizatı sahəsində illərdir ki, “Azəristiliktəchizat” ASC ilə vətəndaşlar arasında problem və narazılıqlar yaşanır.
İnfrastruktur
21 Aprel , 2022 14:11
Azərbaycanda istilik təchizatı sahəsində hansı yeniliklər gözlənilir?

Azərbaycanda istilik təchizatı sahəsində illərdir ki, “Azəristiliktəchizat” ASC ilə vətəndaşlar arasında problem və narazılıqlar yaşanır. Hər il noyabrın 15-də başlanmalı olan istilik mövsümü gecikir. Bölgələrdə, paytaxtın bir sıra ərazisində ya istilik enerjisi ümumiyyətlə verilmir, ya da lazımi səviyyədə olmur. Bəzən isə sakinlər istilik enerjisindən istifadəyə görə borclarını ödəməkdən boyun qaçırırlar. Münasibətlər müqavilə üzərində qurulmadığı üçün “Azəristiliktəchizat” vətəndaşdan ödənişi məhkəmə yolu ilə tələb edə bilmir. Digər tərəfdən, mənzil və obyektlərdə sayğacların olmamasına görə istilik sərfiyyatını dəqiq ölçmək olmur. Problemlərin əsas qaynağı isə ölkədə indiyədək istilik təchizatı sahəsini tənzimləyən xüsusi bir qanun layihəsinin olmamasıdır. Lakin ümidverici haldır ki, artıq Azərbaycanda istilik enerjisindən istifadə qaydaları hazırlanıb və təsdiqlənməsi gözlənilir.

“Azəristiliktəchizat” ASC-dən “Report”a verilən açıqlamada bildirilib ki, “İstilik enerjisindən istifadə qaydaları”nın layihəsində sayğacların quraşdırılması məsələsi də öz əksini tapıb:

“İstilik enerjisindən istifadə qaydaları” istilik enerjisindən istifadə sahəsində istilik təchizatı müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyən sənəddir. Bu sənəddə istilik təchizatına dair bütün məsələlər, o cümlədən istehlakçı və təchizatçıının hüquq, vəzifə və səlahiyyətləri, sayğacların quraşdırılması kimi məsələlər də yer alıb. Sayğacların yaşayış binaları, sosial obyektlər və ya kommersiya obyektləri üçün kim tərəfindən quraşdırmalı olduğu, enerji təchizatçısı ilə istehlakçı arasında dəqiq sərhədlərin məyyənləşdirilməsi, istilik təchizatında yaranmış problemlərin aradan qaldırılmasının kim tərəfindən, necə həll edilməsi bu qaydalarla müəyyən ediləcək. Hazırda bu sahədə vahid tənzimləyici sənəd olmadığından, ümumi ölkə üzrə verilmiş qanun, fərman və sərəncamlardan istifadə edərək, müəyyən məsələlərin tənzimlənməsi üçün istifadə edilir. Yeni qaydalarda bütün bu kimi məsələlərin, eyni zamanda istilik mənbələrinin və binadaxili istilik sistemlərinin balans mənsubiyyəti sərhədləri, payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlərin icrası, istehlakçıların istilik təchizatı müəssisəsinin istilik mənbəyinə qoşulması və istilik təchizatı müəssisəsi və istehlakçı arasında istilik və isti su təchizatı xidmətlərinə görə hesablaşma aparılması qaydaları və ümumilikdə sistemin səmərəli fəaliyyətinin təmin edilməsi ilə bağlı digər məsələlər dəqiq göstəriləcək”

Qurumdan bildirilib ki, hazırda mənzillərdə ayrı-ayrılıqda sayğacların quraşdırılması mümkün deyil:

“Bununla bağlı ilk növbədə büdcə və digər təşkilatlara aid ayrıca tikili olan binaların girişində istilik sayğaclarının quraşdırılması nəzərdə tutulur ki, bu da uçot sisteminin təkmilləşdirilməsi və hesablaşmaların daha dəqiq aparılmasına imkan verəcək. Amma SSRİ dövründən qalan çoxmənzilli yaşayış binalarında fərdi qaydada hər mənzildə sayğac quraşdırılması mümkün deyil. Bunun üçün istilik xətləri bu binaların girişlərinə (pilləkən qəfəslərinə) çıxarılaraq yeni sxem üzrə yığılmalıdır. Bu tip binalarda istilik sayğacının binanın girişində quraşdırılması, bina mülkiyyətçisi və ya balans saxlayıcısı ilə müqavilələrin bağlanması təklif edilir. Mülkiyyətçi bu halda mənzilin sahəsinə görə sakinlər arasında istifadə olunan istiliyin dəyərini bölüşdürərək istilik haqlarının ödənişini təmin edə bilər”.

Yeni qaydaların qəbul edilməsi problemlərin həlli üçün kifayət edəcəkmi?

Enerji məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, Azərbaycanda istilik təchizatı üzrə problemlərin həlli üçün kompleks yanaşma olmalıdır:

“Kombi aparatında istiliyin temperaturunu artırıb-azaltmaq mümkündür. “Azəristiliktəchizat” da belə bir rahatlığı təmin edə bilməsə, yeni qaydaların təsdiq edilməsi mənasızdır. Bakıda istiliyin verilməsi aprelin 15-də dayandırılır. Amma keçən il elə vətəndaşlar var idi ki, kombi aparatını aprelin sonunda söndürdülər. Belə olan halda vətəndaş niyə “Azəristiliktəchizat”ın xidmətindən istifadə etsin? Bu məsələlərdə çevik mexanizm tətbiq edilməlidir”.

İ.Şaban qeyd edib ki, problemləri bir qurumla, yəni tək “Azəristiliktəchizat”la həll etmək mümkün deyil:

“Bakı soyuq şəhərdir və əhali ilin çox hissəsini istilik sistemləri ilə keçirir. Binaların tikintisi zamanı istiliktəchizatı ilə bağlı məsələlər nəzərə alınmalıdır. Digər tərəfdən, istilik xətlərinin çəkilməsi ucuz başa gəlməlidir. Bunlar olmasa neçə qanun qəbul edilir edilsin, faydasız olacaq. Kompleks yanaşma tətbiq edilsə, “Azəristiliktəchizat”ın qazanxanalarında da qaz sərfiyyatına qənaət etmək olar”.

Son xəbərlər

Orphus sistemi