Azərbaycan və Qətər aviasiya sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
- 13 dekabr, 2016
- 14:02
Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov Qətər Mülki Aviasiya Administrasiyasının sədri Abdulla Nasser Turki əl-Subayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, C.Əsgərov görüşdə bildirib ki, Azərbaycanla Qətər, eyni zamanda AZAL və "Qatar Airways" aviaşirkətləri arasında tarixən isti münasibətlər olub. Onun sözlərinə görə, həm sərnişindaşıma, həm də yük aviadaşımaları sahəsində tərəfdaşlığın genişləndirilməsi üçün heç bir maneə mövcud deyil.
Qonaq qeyd edib ki, ilk dəfədir Bakıda səfərdədir və Azərbaycanın paytaxtı onda çox böyük təəssürat yaradıb. O vurğulayıb ki, səfərinin əsas məqsədi Azərbaycan və Qətər arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlığın müzakirə edilməsidir.
Tərəflər mülki aviasiya sahəsində əməkdaşlığın Azərbaycan və Qətər arasında münasibətlərin intensivləşdirilməsinə, hərtərəfli inkişafına xidmət edəcəyinə əmin olduqlarını bildiriblər.