Azərbaycan “Vahid aviasiya məkanına dair Saziş” üzrə danışıqların növbəti mərhələsinə qatılıb

Azərbaycan “Vahid aviasiya məkanına dair Saziş” üzrə danışıqların növbəti mərhələsinə qatılıb Görüş Azərbaycanla Avropa arasındakı dialoqa xüsusi töhfə verəcək
İnfrastruktur
1399
5 İyul , 2017 15:36
Azərbaycan “Vahid aviasiya məkanına dair Saziş” üzrə danışıqların növbəti mərhələsinə qatılıb

Bakı. 5 iyul. REPORT.AZ/ İyulun 4-5-də Brüsseldə (Belçika), Avropa İttifaqının Nəqliyyat Departamentində “Avropa İttifaqı və onun üzv dövlətləri və Azərbaycan Respublikası arasında vahid aviasiya məkanına dair Saziş” üzrə danışıqların ikinci mərhələsi keçirilib. 

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından "Report"a daxil olan məlumata görə, Azərbaycanı danışıqlarda qurumun direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. 

Nümayəndə heyətinin tərkibinə Administrasiyanın və Azərbaycanın Belçikadakı Səfirliyinin əməkdaşları, o cümlədən Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin təmsilçiləri də daxil olub. Görüşdə hər iki tərəf bu sazişi imzalamaq niyyətində olduğunu açıqlayıb.

Danışıqlar zamanı Azərbaycan tərəfinin irad və təkliflərinin müzakirə edildiyi, bir sıra tam aydın olmayan məsələlərə dair izahatlar verildiyi və görüşün nəticəsi olaraq protokol imzalandığı deyilir.

Danışıqların növbəti – 3-cü mərhələsinin Bakıda keçirilməsi qərara alınıb. O vaxta kimi Azərbaycanın digər nazirlik və komitələrinin rəyləri nəzərə alınaraq operativ şəkildə Avropa İttifaqı və üzv dövlətlərinə bildirilməsi, Bakıda keçiriləcək görüşdə artıq sazişin yekun variantının hazırlanması gözlənilir.

“Vahid aviasiya məkanı haqqında Saziş” layihəsi üzrə danışıqların başlanması xüsusilə onunla əlamətdardır ki, ən yaxın perspektivdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Əməkdaşlıq və tərəfdaşlıq haqqında” yeni Sazişin imzalanması gözlənilir”, - deyə A. Məmmədov görüşdə çıxış edərək bildirib.

Onun sözlərinə görə, sözügedən görüş Azərbaycanla Avropa arasındakı dialoqa xüsusi töhfə verəcək. Arif Məmmədov həmçinin Azərbaycanın mülki aviasiya sahəsində artıq müəyyən müsbət əməkdaşlıq təcrübəsinə malik olduğunu qeyd edib. 

Son xəbərlər

Orphus sistemi