Azərbaycan gəmiləri “Filanovski” yatağındakı işləri başa çatdırıblar
- 30 avqust, 2018
- 10:43
Bakı. 30 avqust. REPORT.AZ/ “Voltar Marine” şirkətinin sifarişi əsasında Xəzərin Rusiya sektorunda yerləşən “Filanovski” neft yatağındakı işlərin ikinci mərhələsinə cəlb olunan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Yarenqa” yedək-təchizat gəmisi və AXDG ilə CMS şirkətinin alyans olaraq istismar etdiyi “Qurban Abasov” kran gəmisi öhdəliklərini uğurla başa vurublar. Bu barədə “Report”a AXDG-nin mətbuat xidmətindən məlumat verilib.
Layihə çərçivəsində 600 ton yükqaldırma qabiliyyətinə malik “Qurban Abasov” kran gəmisi yataqda platformanın dayaq blokunun quraşdırılması işlərini, “Yarenqa” yedək-təchizat gəmisi isə lövbər əməliyyatlarını yerinə yetirib.
Əlavə edək ki, bundan əvvəl, yəni layihənin birinci mərhələsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə ümumilikdə 25957 kubmetr qazma işləri həyata keçirilmişdi. Bu mərhələnin icrasında Gəmiçiliyə məxsus bir torpaqqazan (“Mühəndis Balarza Məmmədov”), üç torpaqdaşıyan (“Bakinskaya-3”,“Bakinskaya-5”, “Bakinskaya-6”) və “Yarenqa” təchizat-yedək gəmisi iştirak edirdi.
Layihə zamanı bütün SƏTƏM prosedurlarına riayət olunub və heç bir xoşagəlməz hadisə baş verməyib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin Xəzər Dəniz Neft Donanması Xəzər dənizində neft-qaz hasilatı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji-kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi və digər xidmətləri həyata keçirir. Donanmanın tərkibində müxtəlif tip ixtisaslaşdırılmış gəmilər var. Bu da Gəmiçiliyi göstərdiyi xidmətlərin çoxşaxəliyinə görə dünyada unikal şirkətlər sırasına daxil edir.