"Azərbaycan Dəmir Yolları" məktəblilər üçün maarifləndirmə tədbiri keçirib
- 01 iyun, 2026
- 12:30
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmir yolu xətlərinin yaxınlığında yerləşən təhsil müəssisələrində təhlükəsizlik qaydalarının təbliği məqsədilə həyata keçirdiyi maarifləndirmə tədbirlərini davam etdirir.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, növbəti görüş Məmmədli kənd tam orta məktəbində təşkil olunub.
Bildirilib ki, tədbirdə dəmir yolu infrastrukturundan istifadə, qatarların hərəkət sürəti və keçidlərdə yarana biləcək risklər barədə ətraflı məlumat verilib. Görüşdə təhlükəsizlik qaydalarını əyani şəkildə nümayiş etdirən xüsusi videoçarx təqdim olunub.
Qeyd edilib ki, ADY piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün müasir yolötürücülərin, yerüstü və yeraltı keçidlərin inşasını sürətlə davam etdirir. Eyni zamanda, ərazilər xəbərdaredici siqnalizasiya sistemləri ilə təchiz olunur. Məktəblilərin diqqətinə çatdırılıb ki, həyata keçirilən texniki tədbirlərin maksimum səmərəliliyi hər bir vətəndaşın fərdi məsuliyyət hissindən və təhlükəsizlik qaydalarına ciddi əməl etməsindən asılıdır.
İnteraktiv formatda keçən görüşdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara ADY tərəfindən hədiyyələr və davranış qaydaları ilə bağlı bukletlər təqdim edilib.
ADY bu qəbildən olan maarifləndirmə tədbirlərini dəmir yolu xətlərinə yaxın ərazilərdə yerləşən digər təhsil müəssisələrində də davam etdirəcək.