Azərbaycan avtomobil bazarı qlobal bahalaşmadan “yaxa qurtara” bilərmi?

Azərbaycan avtomobil bazarı qlobal bahalaşmadan “yaxa qurtara” bilərmi? Emin Axundov: "Partnyorlarımız qiymətləri qaldırmaq istəyirlər. Lakin biz buna razı olmuruq"
İnfrastruktur
4 May , 2021 17:00
Azərbaycan avtomobil bazarı qlobal bahalaşmadan “yaxa qurtara” bilərmi?

Son günlər dünya avtomobil bazarında qiymətlərin artımı müşahidə olunur. Məsələn, qonşu Rusiyada bu ay 27 avtomobil istehsalçısı qiymətləri qaldırıb. “Chevrolet” qiymətlərini 1,5-5,1 %, KIA – 0,5-2,2 %, “Peugeot” – 1,8-2 %, UAZ isə 0,9-1,5 % artırıb. Ən çox bahalaşma Yaponiyanın “Honda” markasında qeydə alınıb –2,9 %-dən 3,3 %-dək. “Suzuki” isə qiymətləri 2,6-5,6 % qaldırıb.

Çin istehsallı avtomobillər arasında ən çox bahalaşan “Geely” modelləri olub (0,8-6,3 % və ya 15 min rubldan 150 ​​min rubla qədər). “Lada Vesta” 2-2,4 %, “Lada X-Ray” isə 0,5-2,8 %, “Hyundai Solaris” 1,6-2,4 %, “Citroen C4” isə 1,5-3,3 % bahalaşıb.

Son iki həftə ərzində “Mazda” avtomobillərinin qiymətində orta hesabla 0,8-1,2 %, “Mitsubishi”nin qiymətində 0,9-2,9 %, “Nissan” modellərinin qiymətində 1-2,4%, “Subaru”nun qiymətində isə 1,1-2,1 % artım olub. 14 gün ərzində "premium" seqmentdə “Lexus”, “Genesis” və “Porsche” markalarının qiymətlərində də əhəmiyyətli artım qeydə alınıb.

“Report” dünya, xüsusilə Rusiya avtomobil bazarında yaşanan bahalaşmanın Azərbaycan avtomobil bazarına hər hansı təsirinin olub-olmayacağı ilə maraqlanıb.

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov “Report”a verdiyi açıqlamada ilk öncə dünya avtomobil bazarında baş verən qiymət artımının səbəblərinə aydınlıq gətirib:

“Hazırda avtomobillərin qiymətinin artması tək Rusiyada deyil, bütün dünyada yaşanır. Ümumilikdə dünyada pandemiya dövründə logistika qiymətləri 2-4 % yüksəlib. Ötən il belə bir proqnoz verirdik ki, gələn il logistika qiymətlərinin qalxması səbəbindən avtomobilərin qiymətində də təxminən 2-4 % arası artım ola bilər. Hətta Yaponiyadakı bir çox zavodlarda konstruksiya işləri getdiyinə görə 2021-ci ildə dünyada yapon avtomobillərinin qıtlığının yarana biləcəyini də gözləyirdik. Həqiqətən də belə oldu. Rusiyaya da idxal olunan avtomobillərin qiymətinin artması sırf logistika qiymətlərinin artması ilə bağlıdır. Bu dünyada baş verən br prosesdir. Bütün dünyada logistika qiymətlərinin qalxması avtomobillərin də qiymətinə təsir edir”.

Ekspert Rusiya bazarında baş verən bahalaşmanın Azərbaycan avtomobil bazarına təsirlərindən danışıb:

“Azərbaycan avtomobil bazarının Rusiya bazarına heç bir bağlılığı yoxdur. Əvvəllər belə bir bağlılıq var idisə, artıq möcvud deyil. Rusiya bazarı avtomobil seqmentində tam ayrı bir spesifikasiyadadır. Azərbaycan isə Avropa spesifikasiyasına aiddir. Azərbaycanda rəsmi dilerlər Avropada da çalışırlar. Azərbaycan özünün qiymət siyasətini yerli istehlakçıların hüquqlarının müdafiəsinə aid qanunlarla tənzimləyir. Eyni zamanda Azərbaycanda qiymət siyasəti Avropadakı qiymət siyasəti ilə eyniləşdirilir. Rusiya ilə bunun heç bir əlaqəsi yoxdur. Sadəcə Azərbaycana Rusiya istehsallı avtomobillər idxal olunur”.

“Onsuzda dünyada logistika qiymətlərinin yüksək olmasına görə Azərbaycanda da avtomobillərin qiyməti 2-4 % artıb. Bunun baş verəcəyini əvvəllər qeyd etmişdik. Əlavə olaraq ikinci əl avtomobillərin də qiymətində 5 % yüksəlmə olacağını proqnoz edirdik ki, hazırda bunun da şahidiyik”, - deyə E.Cəfərov əlavə edib.

Azərbaycanda avtomobil istehsalının təşkili ilə məşğul olan “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov rəhbərlik etdiyi qurumun hələ ki, qiymət artımına getmədiyini "Report"a qeyd edib:

“Partnyorlarımız qiymətləri qaldırmaq istəyirlər. Lakin biz buna razı olmuruq. Dünya avtomobil istehsalçılarının dövriyyələri tam olaraq əvvəlki vəziyyətə qayıtsa, ayrı-ayrı bazarlarda yaşanan bu qiymət artımı məsələsi də ötüb keçəcək. İndiki halda istehsalçıların dövriyyələri tam bərpa olunmadığına görə müxtəlif ölkələrin avtomobil bazarlarında qiymətlərin artması yaşanmağa başlayıb. Biz vaxt udmaq istəyirik ki, həmin istehsalçıların dövriyyələri tam bərpa olsun, fəaliyyətləri normal rejimə qayıtsın və bununla da qiymətlərin artırılması məsələsi bizdən yan keçsin. Lakin vəziyyəti axıra qədər belə saxlayıb-saxlaya bilməyəcəyimizi indidən deyə bilmərik. Hələ ki, qiymətləri qaldırmaq barədə düşünmürük”.

Son xəbərlər

Orphus sistemi