Aygün Əliyeva: “Gələcəkdə karbon vergisinin tətbiqinin nəzərdən keçirilməsi mühüm əhəmiyyətə malikdir”

Aygün Əliyeva: “Gələcəkdə karbon vergisinin tətbiqinin nəzərdən keçirilməsi mühüm əhəmiyyətə malikdir” Bu təsirin olması nəticə etibarı ilə vətəndaş cəmiyyətinin ayrı-ayrı fərdlərinin sosial həyatına təsirsiz ötüşməyəcək. Çünki, orta statistik ailənin xərclərinə nəqliyyat, enerji xərcləri əsas hissələrdən birini təşkil edir
İnfrastruktur
26 Sentyabr , 2024 10:51
Aygün Əliyeva: “Gələcəkdə karbon vergisinin tətbiqinin nəzərdən keçirilməsi mühüm əhəmiyyətə malikdir”
Aygün Əliyeva

“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi kimi öz sosial-iqtisadi prioritetlərini müəyyənləşdirmiş ölkəmiz üçün gələcəkdə karbon vergisinin tətbiqinin nəzərdən keçirilməsi mühüm əhəmiyyətə malikdir”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru, COP Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə keçirilən panel müzakirədə qeyd edib.

O bildirib ki, lakin dünya təcrübəsində karbon vergisinin tətbiqinin müəyyən sosial təsirlərinin olması diqqət çəkir.

"Məsələn, karbon vergisi enerji istehsalı və yanacaq qiymətlərini artırdığı üçün ailələrin enerji xərcləri də yüksəldə bilər, eyni zamanda ənənəvi sənaye sektorlarında, xüsusən də kömür, neft və qaz kimi karbon əsaslı enerji mənbələri ilə işləyən iş sahələrində iş yerlərinin azalmasına səbəb ola bilər. Lakin müsbət sosial təsirlər daha çoxdur…Uzunmüddətli perspektivdə karbon vergisi hava keyfiyyətinin yaxşılaşdırılmasına, karbon emissiyalarının azalmasına və bunun nəticəsində ətraf mühitin qorunmasına səbəb olur. Bu da ümumi səhiyyə və rifah üçün müsbət sosial təsirlər yaradır…Həmçinin yaşıl enerji sahəsində iş yerlərinin artması, iqlim dəyişmələri ilə mübarizədə də çox təsirli alət kimi nəzərdən keçirilməlidir".

Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları karbon vergisinin mənfi sosial təsirlərini azaltmaq üçün bir neçə sahədə mühüm rol oynaya bilərlər:

"İlk növbədə QHT-lər cəmiyyətin karbon vergisinin məqsədi və uzunmüddətli faydaları barədə məlumatlandırılmasına kömək edə bilərlər. Xüsusilə aşağı gəlirli qruplara verginin ətraf mühitə müsbət təsiri, enerji səmərəliliyi və resursların daha dayanıqlı istifadəsi haqqında məlumat verərək, onların yeni iqtisadi şəraitə uyğunlaşmasına dəstək ola bilərlər. Ədalətli keçid proqramlarına təkliflər vermək, təkrar paylama siyasətləri üzrə lobbiçilik etmək üçün platformalar yaratmaq, alternativ enerji və davamlılıq təşəbbüslərini artırmaq və bu istiqamətdə hökümətlə cəmiyyət arasında körpü rolunu oynaya bilərlər.

Ən əsası QHT-lər karbon vergisinin müxtəlif sosial qruplara necə təsir etdiyini tədqiq edə və bu məlumatları hökumət və digər maraqlı tərəflərlə paylaşa bilərlər. Belə məlumatların toplanması daha ədalətli və təsirli siyasətlərin hazırlanmasına kömək edə bilər. Bu istiqamətdə fəaliyyətlərdə Agentlik olaraq platforma rolunu oynamağa, maraqlı tərəflərə dəstək göstərməyə hazırıq".

Son xəbərlər

Orphus sistemi