Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov bildirib.
Belə ki, bu gün Atbulaq-Nəvai mənzilində 10,5 km yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri bir həftə davam edəcək.
Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.
Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkəti arasında "Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.
Yeni layihənin icrasına oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 68 km dəmir yolu əsaslı təmir olunub.
