ASCO 75 tələbəyə xüsusi təqaüd verəcək

ASCO 75 tələbəyə xüsusi təqaüd verəcək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) təhsildə fərqlənən Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələrini həvəsləndirmək məqsədi ilə daim onları əlavə təqaüdlə təmin edir.
İnfrastruktur
18 Sentyabr , 2020 16:43
ASCO 75 tələbəyə xüsusi təqaüd verəcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) təhsildə fərqlənən Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələrini həvəsləndirmək məqsədi ilə daim onları əlavə təqaüdlə təmin edir.

"Report" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bu il də yaz semestrində fərqlənən 71 əlaçı bakalavr və 4 əlaçı magistr ASCO sədri Rauf Vəliyevin əmri ilə xüsusi təqaüdə layiq görülüb.

Bununla belə, 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələrinə görə, ADDA-nın “Gəmi sürücülüyü” fakültəsinin “Dəniz naviqasiyası mühəndisliyi” və “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının bakalavriat pilləsində təhsil alan 53 tələbəsi “Əlaçı” təqaüdünə layiq görülüb. Bu tələbələr imtahan sessiyasını 91-100 bal aralığında göstərici ilə bitiriblər. 135 tələbə növbəti semestrdə həvəsləndirici təqaüd almaq şansı qazanıb. Qaydalara görə, bu tələbələrin imtahan sessiyası üzrə ümumi orta balı 71-100 və ən azından bir akademik fənn üzrə göstəricisi 91-100 bal arasında olmalıdır. “Gəmi sürücülüyü” fakültəsinin 29 tələbəsi isə adi təqaüd alacaqlar.

Fakültənin magistratura pilləsində təhsil alan 4 nəfər əlaçı, 5 nəfər həvəsləndirici və 1 nəfər adi təqaüdə layiq görülüb.

Akademiyanın “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisaslarının 18 bakalavr tələbəsi əlaçı, 112 tələbəsi həvəsləndirici, 51 tələbəsi isə adi təqaüd alacaq.

“Gəmi mexanikası və elektromexanikası” fakültəsinin magistratura pilləsinin 1 magistrantı həvəsləndirici, 3-ü isə adi təqaüd almaq hüququ qazanıb.

Bu fakültədə əlaçı təqaüdünə layiq görülən 2 tələbə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təqaüd miqdarının 2 mislini alacaq.

Bu il COVID-19 pandemiyasının ölkədə təhsil prosesinə vura biləcəyi zərər nəzərə alınmaqla Nazirlər Kabinetinin yaz imtahan sessiyasının keçirilməsi və təqaüdlərin təyin edilməsi qaydalarına müvəqqəti dəyişiklilər olub. Belə ki, hər hansı səbəbə görə onlayn imtahanlara qoşula bilməyən akademik borcu yaranan tələbələr üçün yeni 2020/2021-ci tədris ili başlayanadək bu borcları ləğv edərək təqaüd siyahısına düşmək imkanı yaradılıb.

Qeyd edək ki, Akademiyanın 4 tələbəsi bu imkandan yararlana bilib.

Son xəbərlər

Orphus sistemi