Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlakla bağlı mövcud investisiya siyasəti çərçivəsində Milanda (İtaliya) yerləşən "Palazzo Turati" ofis binasının satın alınmasına dair yanvar ayında əldə olunan ilkin razılığa əsasən hazırda bu əqd yekunlaşmaq ərəfəsindədir. Bu barədə "Report"a ARDNF-dən məlumat verilib.
"Milanda yerləşən daşınmaz əmlak təklifinin dəyərləndirilməsi hər hansı bir digər investorla birgə olaraq deyil, yalnız ARDNF tərəfindən həyata keçirilib. Məlum olduğu kimi, "Palazzo Turati" Milanın tarixi mərkəzində yerləşir və binanın birinci mərtəbəsi sərgi salonundan, digər 6 mərtəbəsi isə ofislərdən ibarət olmaqla, ümumi sahəsi 10 360 kv. metr təşkil edir. "Palazzo Turati" ofis binası 2021-ci ilədək dövlət qurumu olan Milan Ticarət Palatası tərəfindən icarəyə götürülüb" - deyə Fonddan bildirilib.
ARDNF-dən əlavə ediblər ki, daşınmaz əmlakın Fondun investisiya portfelindəki xüsusi çəkisi 10%-ə qədər artırılıb və hazırda ARDNF həm daşınmaz əmlaka birbaşa yatırımları, həm də fondlar vasitəsilə adıçəkilən maliyyə alətinə investisiyalarla bağlı bir sıra imkanları dəyərləndirir: "ARDNF-in daşınmaz əmlak investisiyaları üzrə strategiyasının əsas məqsədi yüksək, sabit və dayanıqlı icarə haqlarından əldə edilən daxilolmalarla səciyyələnən, eləcə də uzunmüddətli dövrdə dəyərinin artım potensialı olan yüksək keyfiyyətli daşınmaz əmlak aktivlərindən ibarət portfelin qurulmasıdır. Hazırkı portfel əsasən kommersiya tipli (ofis və ticarət) daşınmaz əmlak aktivlərindən ibarətdir, Avropa və Şərqi Asiya regionunu əhatə edir. Bununla yanaşı, hazırda daşınmaz əmlak fondlarına da sərmayələrə başlanıb ki, bu da həm portfelin şaxələndirilməsi, həm də gəlirliliyin yüksəldilməsi nöqteyi-nəzərindən önəmli əhəmiyyət kəsb edir. Belə ki, bu fondlar vasitəsilə ARDNF müxtəlif regionlarda və ölkələrdə (birbaşa daşınmaz əmlak yatırımları ilə daxil olunması daha mürəkkəb olan), müxtəlif tipli daşınmaz əmlak aktivlərini (yaşayış, logistika və s.) və strategiyalarını (yeni inşa edilən, inşa edilməkdə olan və s.) özündə əks etdirən yatırımlar həyata keçirməklə adları çəkilən komponentlər üzrə daşınmaz əmlak portfelinin yüksək şaxələndirilməsinə nail olur və bu maliyyə alətinin yeni istiqamətlərində təmsil olunur".