ADSEA: Yengicə su anbarı 10 min hektar torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq

İnfrastruktur
  • 27 oktyabr, 2026
  • 12:57
ADSEA: Yengicə su anbarı 10 min hektar torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq

Yengicə su anbarı Qəbələnin 10 min hektar torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq.

"Report" xəbər verir, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi Akif Quliyev bildirib.

Onun sözlərinə görə, Yengicə su anbarı Qəbələ rayonu ərazisində, Yengicə kəndi yaxınlığında, Vəndamçay və Qaraçay çaylarının birləşdiyi hissədə layihələndirilib: "Prezidentin 27 iyul 2020-ci il tarixli, 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üzrə Tədbirlər Planı"na uyğun olaraq Yengicə su anbarının tikintisi nəzərdə tutulub. Layihə çərçivəsində rayon üzrə ümumilikdə 10 min hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur".

A.Quliyev qeyd edib ki, bu ərazilərə Yenikənd, Zalam, Kiçik Əmili və Böyük Əmili kəndlərinin 8 602 hektar, Bilix və Məlikli kəndlərinin isə 1 398 hektar əkin sahəsi daxildir: "Ümumilikdə 10 000 hektar torpaq sahəsinin 3 388 hektarında su təminatının yaxşılaşdırılması, 6 612 hektarında isə yeni suvarmanın həyata keçirilməsi nəzərdə tutulur. Su anbarının ümumi həcmi 17,5 milyon kubmetr təşkil edir. Bəndin hündürlüyü 45 metr, uzunluğu 449,5 metr, eni isə 10 metrdir. Yengicə su anbarının tikintisinə 2024-cü ildə başlanılıb və hazırda layihə üzrə tikinti işləri davam etdirilir".