Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda dəmir yolu sahəsində inkişaf proqramının icrasına dair hesabatını açıqlayıb.
“Report” ADB-yə istinadən xəbər verir ki, hesabatda dəmir yolunun hazırkı vəziyyəti və proqnozları yer alıb. Hesabatda ADB-nin proqram çərçivəsində Azərbaycanda icra etdiyi layihələr barədə də məlumat verilir.
Hesabatda qeyd edilib ki, Azərbaycan dəmir yolu sahəsində inkişaf proqramı Sumqayıt-Yalama dəmir yolu xəttinin və strukturunun bərpası üçün maliyyəni təmin edəcək. Sumqayıt-Yalama dəmir yolu xətti Şimal-Cənub nəqliyyat dəhlizində mühüm rol oynayır. Azərbaycan dəmir yolu sahəsində inkişaf proqramı dəmir yolu şəbəkəsinin istismarını və idarəetməni yaxşılaşdıracaq, maliyyə, hesabat və nəzarət sistemlərini yenidən formalaşdıracaq.
Vurğulanır ki, Azərbaycanda dəmir yolunun nəqliyyat sistemində payının davamlı azalması müşahidə edilir. Bu tendensiya regionun digər ölkələrində də müşahidə edilir. Yol şəbəkəsinin genişləndirilməsi və neft-qaz şəbəkəsinin təkmilləşdirilməsi dəmir yollarına rəqabət gətirib. Bu illər ərzində investisiya qıtlığı dəmir yolu infrastrukturunda çətinliklərə səbəb olub.
2000-cı illərin əvvəllərində neft və qaz sahəsindəki investisiyalar dəmir yolları sahəsinin də faydalanmasına səbəb olub. Dəmir yolu sektoru artan yeni ixracat və inşaat materialları və istehlak mallarının idxalından faydalanıb. Ancaq dəmir yolu nəqliyyatının bazar payı azalmağa davam edib.
2006-cı ildə Azərbaycan iqtisadiyyatının pik dövründə 26,5 milyon ton yük dəmir yolları ilə daşınıb. 2010-cu ildə 22,4 milyon ton, 2016-cı ildə isə 15,5 milyon ton yük göndərilib. 2020-cı ildə isə 14 milyon 631 min ton yük daşınıb.
Dəmir yolu sahəsində on illər ərzində infrastrukturun və dəmir yolu parkının pisləşməsi, kommersiya yönümlü idarəçilikdə və planlaşdırmada uğursuzluq dəmir yolu sahəsində rəqabətqabiliyyətliliyə və maliyyə baxımından uğur əldə etməsinə təsirini göstərib.
Dəmir yoluna dəstək və institusional mexanizmlərdə uğursuzluq, mövcud problemlərin dərin səbəbləri “Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə göstəricilərini pisləşdirib. Yalnız şirkətin artan borcu şirkətin əməliyyatlarını davam etdirməsinə imkan yaradıb.
Hazırda dəmir yolu ilə yük daşınmasına təlabatın azalması və sərnişin daşınmasının kəskin azalması ADY-də ağır mirasa, institusional və maliyyə problemlərinə səbəb olacaq. Bu isə ADY-də artan problemləri idarə etməyi çətinləşdirəcək. Şərq-Qərb dəmir yolu dəhlizi 2009-cu ildən bəri modernizasiyada olub. Şimal-Cənub nəqliyyat dəhlizində isə 4 dəmir yolunun daha da genişləndirilməsinə ehtiyac var. Bununla yanaşı, Yalamadan Astaraya olan dəmir yolu xəttinin böyük potensialı var və bu yol təkmilləşdirilir. Sözügedən yolun İranın Rəşt vilayətindən Astaraya qədər uzadılması nəzərdə tutulur.
Xidmətlə bağlı təkmilləşdirmələr ADY-nin ölkənin yol ayrıcında yerləşmələrindən faydalanmasına və daha təhlükəsiz, daha enerji qənaətli, daha ucuz və daha az yol tutumlu nəqliyyatın təmin etməsinə imkan verəcək. Bütün bunların maliyyə baxımından davamlı olması üçün dərin islahatlara ehtiyac var.
Qeyd edək ki, Asiya İnkişaf Bankı Azərbaycanda dəmir yolu sahəsində inkişaf proqramın icrasına 2017-ci ildən başlayıb.