Tbilisi. 17 oktyabr. REPORT.AZ/ Tbilisinin “Erti” qalereyasında “Sabah dünən olacaq” (“Tomorrow will be yesterday”) adlı sərgi açılıb.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, sərgidə Gürcüstan, Azərbaycan, Ermənistan, Rusiya və Dağıstandan olan rəssam və fotoqrafların əsərləri təqdim olunub.
Fərqli və maraqlı ekspozisiyanın mövzusu tarix, regionda mövcud geosiyasi vəziyyət və münaqişələrə həsr olunub.
Sərgidə azərbaycanlı fotoqraf Sitarə İbrahimovanın müəllifi olduğu fotoşəkillərdən ibarət “Qarabağda itirilmişlər” (“Lost in Karabakh”) adlı kompozisiya təqdim olunub.
Səkkiz fotoşəkilin yer aldığı kompozisiya Qarabağ münaqişəsinə cəlb olunmuş insanların maddi dünyasını əks etdirir.
Fotoşəkillərdə münaqişə zamanı itkin düşmüş insanların şəxsi əşyaları mavi fonda əlavə estetizasiyasız nümayiş etdirilir. Kompozisiyanın əsas mənası ondan ibarətdir ki, fotoşəkillərdə əks olunan əşyalar sahiblərinə daha heç vaxt xidmət etməyəcək.
Təqdim olunmuş kompozisiyalardan ən çox diqqət çəkəni dağıstanlı rəssam Taus Maxaçevanın “Peyzaj” adlı layihəsidir. Kompozisiya taxtadan təbii ölçüdə hazırlanmış və Qafqazda yaşayan müxtəlif xalqlara aid 40 insan burnundan ibarətdir. Rəssam layihəsi ilə Qafqaz xalqları arasında dərin tarixi əlaqələrin olduğunu göstərir.
Sərgi dekabrın 5-nə qədər davam edəcək.