Tbilisidə “Əli və Nino” tamaşasının premyerası olub

Tbilisidə “Əli və Nino” tamaşasının premyerası olub Tamaşada rolları gürcü aktyorlar ifa ediblər
İncəsənət
1 May , 2018 19:52
Tbilisidə “Əli və Nino” tamaşasının premyerası olub

Tbilisi. 1 may. REPORT.AZ/ İvane Maçabeli adına Tsxinvali Akademik Dram Teatrı “Əli və Nino” əsərinin motivləri əsasında yeni tamaşa hazırlayıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, mayın 1-də Tbilisidəki Şota Rustaveli Teatrında tamaşanın premyerası olub.

Tamaşa Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyinin 100 illiyinə həsr olunub.

Təqdimatda Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları və Gürcüstanın hökumət və dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

İvane Maçabeli adına Tsxinvali Akademik Dövlət Dram Teatrının bədii rəhbəri və tamaşanın rejissoru Qoça Kapanadze jurnalistlərə müsahibəsində bildirib ki, səhnə əsəri Gürcüstanın Mədəniyyət Nazirliyinin layihəsi əsasında hazırlanıb: "Yaxın vaxtlarda tamaşanın Bakıda, mayın 19-da isə Gürcüstan parlamentində də nümayişi nəzərdə tutulub. Romanın və tamaşanın əsas süjet xəttini məhəbbət, sevgi təşkil edir. Bilirsiniz ki, həyatda hər cür hadisələr olur. Amma hər bir hadisə əgər sevgi ilə bitirsə, xoşbəxtlik olur. Bu romanın da əsas üstünlüyü odur ki, hadisələrin sonu məhəbbətlə bitir və məhəbbət də hər şeyə qalib gəlir".

Tamaşada rolları gürcü aktyorlar ifa ediblər.

Qeyd edək ki, Qurban Səidin müəllifi olduğu “Əli və Nino” əsəri azərbaycanlı gənc Əli və gürcü qızı Nino arasında məhəbbət hekayəsindən bəhs edir.

Əsərdə həmçinin XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi hadisələr də təsvir olunub.

Son xəbərlər

Orphus sistemi