Tbilisi. 18 may. REPORT/ Gürcüstanda azərbaycanlı rəssam İntiqam Ağayevin rəsm əsərlərindən ibarət “Abşeronun rəngləri” adlı sərgi açılıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, sərgi paytaxt Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin Sərgi Qalereyasında təşkil olunub və rəssamın 20-dək müxtəlif janrlarda çəkdiyi rəsm əsərləri nümayiş etdirilib.
Sərginin açılışında Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli üzrə müşaviri Ayaz Məmmədov, hökumət üzvləri, incəsənət və mədəniyyət xadimləri iştirak ediblər.
Qalereyanın direktoru Arçil Bejanişvili sərgini açaraq Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələrin inkişafından danışıb, bu cür tədbirlərin təşkilinin münasibətlərimizin bütün sahələrdə inkişafına təkan verdiyini bildirib.
Sərginin əsas təşkilatçısı, Gürcüstanın Aktiv Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva bildirib ki, sərgi Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstan dövlətinin yaranmasının 100 illiyinə həsr olunub. Sərginin əsas məqsədi ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına dəstək verməkdir.
"Pirosmani" Beynəlxalq Rəssamlar Assosiasiyasının vitse prezidenti Əli İsayev azərbaycanlı rəssamı xüsusi diplomla təltif edib. Rəssam İntiqam Ağayev sərginin təşkilatçılarına və göstərilən diqqətə görə minnətdarlıq edib.