Gürcüstanın paytaxtı Tbilisi şəhərində azərbaycanlı fotoqraf Nurlan Tahirlinin fərdi sərgisi keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, “Travel Tunnel” (Səyahət Tuneli) adlanan fotosərgi Gürcüstan Milli Parlament Kitabxanasında Azərbaycan Fotoqrafları Birliyi (AFB) və Gürcüstan Fotoqraflar Assosiasiyasının (GFA) birgə təşkilatçılığı ilə baş tutub.
Sərgidə N.Tahirlinin 30-dan çox səyahət və şəhər mənzərələri mövzusunda, həmçinin 360° panoramik şəkilləri nümayiş etdirilib.
Tədbirdə çıxış edən GFA-nın sədri Kaxa Pxakadze azərbaycanlı fotoqrafın yaradıcılığını təhlil edib və onun fotoqrafiya sahəsində daha böyük uğurlar qazanacağına əmin olduğunu bildirib. GFA-nın idarə heyətinin üzvü Nino Mgebrişvili, “Associated Press” agentliyinin Qafqaz üzrə fotomüxbiri Şahvələd Eyvazov və fotoqraf Giorgi Okromçedlişvili də çıxış edərək fotoqrafa yeni yaradıclıq uğurları arzu ediblər.
Qeyd edək ki, Azərbaycan Fotoqrafları Birliyinin katibi, eləcə də Gürcüstan Fotoqraflar Assosiasiyasının 2017-ci ildən üzvü olan N.Tahirlinin sərgisi sayca üçüncüdür. Daha öncə fotoqrafın Azərbaycan və Türkiyədə də fərqli mövzularda əsərləri nümayiş etdirilib.
Fotoqraf bir sıra beynəlxalq fotomüsabiqələrin iştirakçısı və laureatı olub. O, 2019-cu ildə Avropa Fotoqrafları Federasiyası (FEP) tərəfindən “European Photographer” (Avropa Fotoqrafı) dərəcəsinə layiq görülüb.