Tbilisi. 18 aprel. REPORT.AZ/ Bu gün Gürcüstanda Azərbaycan mədəniyyətinin, incəsənətinin, mətbuatının inkişafında mühüm rol oynamış bir sıra mədəniyyət ocaqları var. Onların sırasında Nəriman Nərimanovun Ev-muzeyi, C.Məmmədquluzadənin Ev-muzeyi, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi, Heydər Əliyev adına istirahət parkı və s. var. Bu cür mədəniyyət ocaqlarından biri də Tbilisi Dövlət Azərbaycan Dram Teatrıdır (TDADT). Bu teatrda İbrahim İsfahanlı, Ələkbər Seyfi, Möhsün Sənani, Ülvi Rəcəb kimi teatr nəhəngləri çalışıblar. Bu teatrın səhnəsində Azərbaycan və dünya dramaturgiyasının müxtəlif pyesləri səhnələşdirilib. Tarix kitablarında bu teatrın müxtəlif dönəmlərdə başqa teatrlara yardım etdiyi, başqa teatrların tamaşalarını maliyyələşdirdiyi yazılır. Bu mühüm tarixi mədəniyyət abidəsi hazırda ümummilli lider Heydər Əliyevin adını daşıyır. Amma təəssüflər olsun ki, bu gün Azərbaycan və gürcü xalqlarının ortaq mədəni abidəsi sayılan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrı çox acınacaqlı vəziyyətdədir. Aktyorların istifadə etdikləri kostyumlar çirkli və ətrafa səpələnmiş, döşəmə-tavanı uçulmuş, teatr üçün mühüm olan bütün avadanlıqlardan məhrum qalmış bu teatrın ciddi təmirə ehtiyacı var.
Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrı direktorunun texniki işlər üzrə müavini Vaqif Bayramov “Report”un Gürcüstan bürosuna bildirib ki, teatrın yerləşdiyi bina 1900-cü ildə tikilib istifadəyə verilib: "Tbilisinin mərkəzində Qoqasali küçəsi 1 ünvanında yerləşən bu binanın 746 kvadratmetri (22 faizi) teatra məxsus olub. Teatr Gürcüstanın həmin dövrdə yaranmış teatrlarına da kömək edib. Sənədlə teatrın cəmi 19 otağı var. Amma hazırda teatrın yerləşdiyi binada 16 ailə yaşayır, 2 maqazin, 1 restoran, 1 rəssamın iş otağı və 1 Xalq Çalğı Alətləri Muzeyi var. Teatr 1947-ci ildə bağlanıb, 2003-cü ildə Tbilisi Bələdiyyə Teatrı kimi yenidən fəaliyyətini bərpa edib. 2004-cü ildə isə teatra Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin adı verilib".
Azərbaycanın əməkdar mədəniyyət işçisi, teatrın direktor müavini Namiq Hacıyev deyib ki, Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının kollektivi indiyədək bir çox tamaşaların premyerasına imza atıb: "Hazırda teatrın binası qəzalı və bərbad vəziyyətdə olduğundan tamaşalarımızı paytaxtdakı digər teatrlarda oynayırıq. Bu isə bizim üçün maliyyə sarıdan çox çətindir. Amma buna baxmayaraq, biz bundan sonra da çalışacaq və istedadlı aktyorlarımızın səyi nəticəsində daha çox tamaşalarda oynayacağıq”. O, bütün çətinliklərə baxmayaraq. teatrda 12 aktyorun çalışdığını söyləyib: "Onlardan 7 nəfəri ulu öndər Heydər Əliyevin və Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadzenin təşəbbüsü ilə Şota Rustaveli adına Tbilisi Teatr və Kino İnstitutunun teatr və kino aktyoru ixtisasını bitirib".
Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze “Report”a vurğulayıb ki, Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının binası həqiqətən də qəzalı vəziyyətdədir: "Biz, əvvəlcə bu binanın yenidən qurulması və təmiri üçün smeta hazırlamışdıq. Lakin sonradan müəyyən problemlər yarandığından teatr üçün yeni binanın tikilməsi barədə qərar qəbul etdik. Artıq teatr binası üçün Azərbaycan səfirliyinin yanında torpaq sahəsi də ayrılıb. Hazırda sənədləşmə işləri aparılır və düşünürəm bu, çox vaxt aparmaz".
Qeyd edək ki, bu günlərdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov teatrda olub, kollektivlə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıblar.
Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbəri Varlam Nikoladze görüşdə bildirib ki, teatra təyin olunmamışdan əvvəl Türkiyədə çalışıb və türk dilini mükəmməl bilir: "Bu teatr mənə doğmadır. Təəssüf ki, teatrımızda tamaşalar hazırlamaq və oynamaq üçün istədiyimiz şərait yoxdur”.
Səfir Dursun Həsənov deyib ki, Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının kollektivi çətin şəraitə baxmayaraq, bir sıra tamaşalar hazırlayıb, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində mühüm işlər görüb: "Teatrın binasının qəzalı vəziyyətdə olması barədə hər iki ölkənin əlaqədar təşkilatlarına məlumat verilib. Səfirlik teatrın binasının yenidən qurulması və ya yeni bina ilə təmin olunması üçün bütün imlanlardan istifadə edəcək".
Deputat Əflatun Amaşov vurğulayıb ki, bu gün Tbilisinin mərkəzində, belə bir mədəniyyət ocağının acınacaqlı vəziyyətdə olması çox pisdir: "Biz də deputatlar olaraq teatrın binasının təmiri və ya yeni bina ilə təmin olunması üçün əlimizdən gələni edəcəyik".
Xatırladaq ki, Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının 2016-ci ildə illik büdcəsi 160 min lari olub. Ermənilərə məxsus teatrın ötənilki büdcəsi isə 480 min lari olub. Gürcüstanda maliyyə böhranı nəticəsində bütün büdcə təşkilatlarında olduğu kimi teatrların da büdcəsi 10 faiz azaldılıb.