“Report”un yerli bürosu xəbər verir ki, müəlliflər teatrın bugünkü vəziyyətə düşməsində Turqay Vəlizadəni teatra yerli icmanın və kollektivin rəyini nəzərə almadan bədii rəhbər təyin edənləri günahlandırıblar.
İşdən çıxarılanların fikrincə, bu təyinat teatrı çökdürmək üçün məqsədyönlü şəkildə edilib: “Kollektiv Turqay Vəlizadəyə təyin olunduğu vaxtdan 9 ay şans verdi və onunla işləməyə çalışdı. Ancaq onun qeyri-peşəkarlığı, öz himayədarlarına güvənərək aktyorlara qarşı kobudluqları və hədələri, ədalətsizlikləri və yekəxanalığı, ayrı-seçkiliyi və s. kollektivdə mütləq çoxluğun narazılığına səbəb oldu. Hələ ötən ilin payızında bu barədə Gürcüstan Mədəniyyət Nazirliyinə yazılı şikayətlər olundu. Bütün bunlarla bağlı biz nazirliyə belə bir rəhbərlə işləməyin mümkün olmadığını və boykot elan etdiyimizi həm yazılı, həm də şifahi şəkildə çatdırdıq. Ancaq bilərəkdən heç bir tədbir görülmədi”.
Sənəddə qeyd olunub ki, Gürcüstanın koronavirusla bağlı ağır vəziyyətində aktyorların işdən kütləvi azad olunması fürsətçillik və Turqay Vəlizadənin iş keyfiyyətlərinin olmaması bir yana, mənəviyyatının da hansı səviyyədə olduğunu göstərdi: “Onunla işləmək qeyri-mümkündür”.
Bəyanatda Turqay Vəlizadənin bu addımı ciddi hüquq pozuntusu kimi qiymətləndirilib:
“Buna görə Turqay Vəlizadə onu teatra təyin edən himayədarları ilə birlikdə məhkəmə qarşısında cavab verəcək. Biz Gürcüstanda qanunun və ədalətin aliliyinə inanırıq. Ona görə də əminik ki, nəinki məhkəmə yolu ilə aktyorlar öz işlərinə qaytarılacaq, hətta bu ağır günlərdə onlara sarsıdıcı zərbə vuran insanlar qanun qarşısında məsuliyyət daşıyacaq və maddi təzminat ödəyəcəklər”.
Müəlliflər bildiriblər ki, Azərbaycan teatrının və milli mədəniyyətnin inkişafı, onların kobud şəkildə pozulmuş hüquqlarının bərpası, günahkarların cəzalandırılması üçün bütün instansiyalara baş vurmaqla mübarizəni sona qədər aparmaqda qərarlıdırlar.
Onlar dəstəyə görə icmanın bütün üzvlərinə, ziyalılara, hüquq müdafiəçilərinə minnətdarlıqlarını ifadə ediblər.
Bəyanat yalnız ictimaiyyətə deyil, eyni zamanda Gürcüstanın Mədəniyyət Nazirliyi, ölkənin bütün əlaqədar dövlət qurumlarına da ünvanlanıb.