“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanı təmsil edən teatr festivalda Anton Çexovun “Ayı” pyesi əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edib.
Səhnə əsərinin rejissoru, rəssamı və musiqi tərtibatçısı teatrın bədii rəhbəri Turqay Vəlizadədir. Tamaşada rolları T.Vəlizadə ilə yanaşı, teatrın aparıcı aktrisaları Leyla Qasımova və Aida Tağıyeva ifa ediblər.
Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancqava Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının tamaşasını seyr edib. O, tamaşadan sonra teatrın rəhbərliyi və aktyorları ilə görüşərək yüksək səviyyədə hazırlanan tamaşaya görə minnətdarlığını bildirib.
Festivalın bağlanışında təqdim olunan “Ayı” tamaşasını seyrçilər böyük rəğbətlə qarşılayıblar.
Qeyd edək ki, XXIV Beynəlxalq Ankara Teatr Festivalında Türkiyə ilə yanaşı, İran, Gürcüstan və digər ölkələrdən də teatrlar qatılıblar.
Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının “Ayı” tamaşası bu vaxta qədər Qazaxıstan və Litvada beynəlxalq teatr festivallarında da uğurla nümayiş etdirilib.