Şuşa Teatrının direktoru: "Aktyorlarımız tamadalıq edir, xınayaxdıya gedir, kloun kimi işləyib pul qazanırlar" - MÜSAHİBƏ

Şuşa Teatrının direktoru: "Aktyorlarımız tamadalıq edir, xınayaxdıya gedir, kloun kimi işləyib pul qazanırlar" - MÜSAHİBƏ "Mən də toydan ailəmə pul qazanıram"
İncəsənət
12 Oktyabr , 2018 13:56
Şuşa Teatrının direktoru: Aktyorlarımız tamadalıq edir, xınayaxdıya gedir, kloun kimi işləyib pul qazanırlar - MÜSAHİBƏ
Report/ Firi Salim
0 : 00
0 : 00

"Bəzi adamlar var ki, Şuşanın adından lazım gələndə öz xeyri üçün istifadə edir, amma şuşalı köçkün teatra gələndə cürbəcür bəhanələrlə boyun qaçırır"

Bakı. 12 oktyabr. REPORT.AZ/ Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradovun “Report”a müsahibəsi.

- Hazırda rəhbərlik etdiyiniz teatrın vəziyyəti necədir?

- Hazırda binamız təmirdədir və ilin sonunadək yekunlaşacaq. Hələlik dost məkanına sığınmışıq. Vaxtilə bura mərasim evi olub. Mən dostuma 6 aylığına köçdüyümüzü demişdim, ancaq bu ayın sonu artıq burada məskunlaşmağımızın 4 ili tamam olacaq.

- Bəs səhnənin olmadığı yerdə tamaşaları necə hazırlayırsınız?

- Zalda dekorasiyalardan düzəltdiyimiz kiçik səhnəmiz var. Burada tamaşa səhnəyə qoymuruq, sadəcə, hazırlayırıq. Mədəniyyət Nazirliyi bizə dövlət teatrlarının binasında tamaşa nümayiş etdirməyə icazə verib. Teatrın rəhbərləri ilə əlaqə saxlayırıq və onların tamaşasının olmadığı günlər səhnəyə çıxırıq. Şuşa Teatrına ən çox şərait yaradan Musiqili Teatr, Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq Muğam Mərkəzidir. Köçkünlüyümüzü nəzərə alan teatr direktorları bizə maliyyə problemi yaratmırlar və demək olar, yalnız cüzi kommunal xərcləri ödəyirik. Ancaq əvvəllər tamaşa nümayiş etdirdiyimiz məkanların icarə haqqını Mədəniyyət Nazirliyi ödəyirdi. Nazirlik hazırda yalnız premyeraların pulunu ödəyir, qalanını da bilet satıb özümüz qazanırıq. Əslində, belə də olmalıdır.

- Şuşa Dövlət Musiqili Dram Teatrına Mədəniyyət Nazirliyindən başqa dəstək göstərən olurmu?

- "Azərsun Holding" Şirkətlər Qrupu bizə çox kömək edir. Şirkətin prezidenti Abdülbari Gözəl bir dəfə Qarabağ mövzusunda hazırladığımız tamaşaya baxıb kövrəldi. O, bizə Şuşa işğaldan azad olunandan sonra teatr binası tikdirəcəyinə dair söz verdi. Şirkətin Mədəniyyət Mərkəzində tamaşa səhnələşdirdikdə yeməyimizi belə verirlər. Eyni zamanda icarə pulu almayıb bank hesabımıza pul köçürürlər.

- Bəs ayda, təxminən, neçə tamaşa oynanılır?

- Biz də bütün teatrlar kimi plan verməliyik. Ümumiyyətlə, daha çox rayonlara qastrol səfərlərimiz olur. Biz tamaşa nümayiş etdirdiyimiz bölgədə növbəti dəfə də xoş qarşılanmaq üçün gözəl təəssürat yaradırıq. Təbii ki, əvvəlcə rayon İcra Hakimiyyətindən icazə alırıq. Mində bir adam olur ki, cürbəcür bəhanələrlə bizi geri qaytarır. Biz də tələb etmirik. Ancaq bəzi teatrların müxtəlif yollara əl atdıqları qulağımıza çatır. Onlar tələblər qoyurlar ki, filankəs müəllim göndərib, filan yerdən gəlmişəm və s.

- Maraqlıdır, hansı rayondan "yox" cavabı almısınız?

- Burada rayonun adını çəkmək istəmirəm. Bəzi adamlar var ki, Şuşanın adından lazım gələndə öz xeyri üçün istifadə edir, amma şuşalı köçkün teatra gələndə cürbəcür bəhanələrlə boyun qaçırır. Bir dəfə yaxın rayonlardan birinə getmişdik. Təsəvvür edin, icazə üçün nəinki icra başçısının, hətta onun müavininin qəbuluna düşmək üçün əldən-ayaqdan getdik. Polis belə bizi qəbul otağına apararaq Bakıdan direktor başda olmaqla Şuşa Teatrının əməkdaşlarının gəldiyini dedi. Təəssüflər olsun ki, adı yadımda qalmayıb, yoxsa kimin bizi qəbul etdiyini açıqlayardım. Həmin adam başını da qaldırmadan "gəlsinlər" dedi. Biz içəri girdik, yenə başını qaldırmadan, kompüterdə oyun oynaya-oynaya “Nəyə gəlmisiniz, bura kasıb rayondur, nahaq gəlmisiniz bura” söylədi. Mən də özümü saxlaya bilməyib dedim: “Ayə, kişisən başını qaldır. Kişi kişiynən üzbəüz danışar, başını qaldırar, yenə axırda yox deyərsən. Adamda mədəniyyət olar, mən sənin kabinetinə girmişəm”.

- Teatrınızda neçə aktyor var? Onlarla münasibətiniz necədir?

- Hazırda 25 aktyor var, orkestr artistləri ilə 35 nəfərdir. Mən onlarla özümü müdir deyil, dost kimi aparıram. Çünki heç kim heç kimdən artıq deyil, mən də aktyoram. Sabah mən sıravi aktyor olaram, onlar da mənim müdirim. Onda əvəzini çıxarlar (gülür). Baş rejissorumuz Loğman Kərimov işində çox tələbkardır. Mən bəzən özümə ondakı tələbkarlığı arzulayıram. İşçilərimə kənardan pul qazanmaları üçün şərait yaratmağa çalışıram. Təbii ki, aramızda münaqişə baş vermədiyini inkar etmirəm. 2011-ci ildə soyuqluq yaransa da, yoluna qoyduq. Mən də toydan ailəmə pul qazanıram. Hər halda rüşvət almıram, halal zəhmətimlə pul qazanıram. Maaşımız azdır, ancaq fərasətli adam pul qazanır. Kimisi tamadalıq edir, qızlar xınayaxdıya gedir, bəziləri isə kloun kimi işləyib pul qazanırlar. Əsas odur ki, pis iş görmür, öz zəhməti ilə pul qazanır. Azərbaycanda iş yoxdur deyirlər, ancaq işləyənə hər yerdə iş var. Əli, ayağı yerində olan insan yaşaya bilmirsə, mənim ona yazığım gəlir. Mən bu gün teatrda işdən çıxsam, gedib xırda bizneslə məşğul olub ailəmi dolandıracağam.

- Bayaq 2011-ci ildə teatrınızda narazılıq yarandığını qeyd etdiniz. Bəs nə baş vermişdi?

- 26 iyun - Silahlı Qüvvələr günü Bərdə rayonunda tamaşamız var idi. Bir qrup aktyor sözü bir yerə qoyub getməkdən imtina etdilər. Mən özüm bunu siyasiləşdirmədim, ancaq aralarında “Ordumuz var ki, gedim onun bayramını da qeyd edim” deyənlər var idi. Gördüm ki, kimlərisə öyrədib qarşıdurma yaratmaq istəyirlər. Tədbiri pozduqlarına görə onları işdən azad etdim.

- Ümumiyyətlə, Mədəniyyət Nazirliyindən bu şəraitlə gəlib tanış olan varmı?

- Əlbəttə, gəlib baxıblar. Hətta mənə belə yer tapdığım üçün "Əhsən" deyiblər. Hər halda müvəqqəti də olsa şərait var. İndiyədək çox kiçik yerlərdə məskunlaşırdıq. Bizim kostyumlarımız, rekvizitlərimiz, dekorlarımız var, onları burada yerləşdirmək olur. Teatrda kimi dindirsən, evindən bura bir əşya gətirib. Məsələn, paltartikən maşın mənim həyat yoldaşımın cehizidir.

- Hazırda burada ən böyük çətinliyiniz nədən ibarətdir?

- Vallah, çətinliyə öyrəşmiş adamlarıq. Harda olmuşuq yayda isti, qışda soyuq olub. Qışda gəlib görərsiniz ki, burada necə bürünürük. Hətta başqa zallara gedəndə qalın geyimdə gedirik deyə çox isti olur. Bizə gülürlər ki, niyə belə isti geyinirsiniz. Deyirəm bizdə belə isti yoxdur, hardan bilərdim belə isti olacaq. Yayda da buranın üstü qırdır deyə istisindən oturmaq mümkün olmur. Məhəllədəki ağacların altında günümüzü keçiririk. Ancaq bunlara baxmayaraq, yaşayırıq və yaradırıq.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi