Bakı. 5 aprel. REPORT.AZ/ "Doğma Bakı ilə əlaqə saxlamağa çalışıram, amma orada konsertlər nadir hallarda olur".
"Report" xəbər verir ki, bunu Rusiyanın "İzvestiya" qəzetinə müsahibəsində azərbaycanlı opera müğənnisi, Rusiya Böyük Teatrının solisti Dinarə Əliyeva deyib.
"Hərçənd vətəndəki çıxışlara ikinci evim olan Moskvadakı çıxışlarımı da aid edə bilərəm. Artıq 10 ildir Rusiya Böyük Teatrının solistiyəm, işimlə fəxr edirəm. Müxtəlif tamaşalarda yer alıram və daha çox oxumağa hazıram. Uşaqlıqdan bunu arzulamışam" - D.Əliyeva bildirib.
Qeyd edək ki, D.Əliyeva həmçinin Moskvada keçirilən "Opera Art" II Beynəlxalq Musiqi Festivalının opera nümayişinin əsas təşkilatçısıdır.
Onun sözlərinə görə, növbəti festivala müxtəlif ölkələrdən artistlərin dəvət olunması planlaşdırılır.
"Digər ölkələrdə, xüsusən də doğma Azərbaycanda festival proqramları təqdim etmək istəyirəm. Amma hələ yolun başlanğıcındayam", - Rusiya Böyük Teatrının solisti diqqətə çatdırıb.