Rövşən Almuradlının 65 illik yubileyi qeyd olunub

Rövşən Almuradlının 65 illik yubileyi qeyd olunub Mədəniyyət Nazirliyinin Rövşən Almuradlının xatirə gecəsini onun işlədiyi teatrda keçirməsini istəyirdim. Ancaq nədənsə onlardan bir səs çıxmadı.
İncəsənət
23 Aprel , 2019 15:00
Rövşən Almuradlının 65 illik yubileyi qeyd olunub

"Mədəniyyət Nazirliyinin Rövşən Almuradlının xatirə gecəsini onun işlədiyi teatrda keçirməsini istəyirdim. Ancaq nədənsə onlardan bir səs çıxmadı".

"Report" xəbər verir ki, bunu Xalq şairi Sabir Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mərhum rejissor Rövşən Almuradlının 65 illik yubileyi münasibətilə keçirdiyi tədbirdə deyib.

"Biz mərhumun ad günü üçün tədbirlər görürdük. Çox əhval-ruhiyyəli insan idi. Bu günə hazırlaşırdı. Gözlənilmədən ölüm onu aramızdan apardı. Buraya onun sənətini bilən insanlar dəvət olunub. Bizim üçün fərqi yoxdur. Biz öz vəzifəmizi yerinə yetirdik. Rövşən Almuradlı mədəniyyətimizin görkəmli nümayəndələrindən idi".

Tədbirdə mədəniyyət və incəsənət xadimləri, xalq artistləri, ziyalılar iştirak ediblər.

Daha sonra rejissorun həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş olunub.

Qeyd edək ki, Rövşən Almuradlı 1954-cü il aprelin 19-da Bakı şəhərində anadan olub. 1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirib, Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçib.

1976-1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında çalışan aktyor, həmin illərdə Şekspirin "Kral Lir"ində Kral Lir, Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbşli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını yaradıb.

1987-ci ildə Şəki Dövlət Dram teatrında M.Salimoviçin "Dərviş və ölüm", 1987-ci ildə Sumqayıt Dövlət Teatrında N.Hikmətin "Bayramın birinci günü", 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Süleymanlının "Dəyirman" əsərlərinin quruluşçu rejissoru olub.

1989-cu ildə "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında "Hücum" adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru olub.

1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil "İstiqlal" teatrının bədii rəhbəri kimi çalışıb.

1991-ci ildə M.Suleymanlının "Zirzəmi", 1992-ci ildə M.Dostoyevskinin "Şıltaq qız", 1992-ci ildə M.Qoqolun "Dəlinin qeydləri", 1992-ci ildə Gəncə Dövlət Dram teatrında Anarın "Beş mərtəbəli evin altıncı mərtəbəsi" kimi əsərlərin, 1993-1995-illərdə "Bəri bax" müstəqil kinostudiyasında tammetrajlı "Yük" bədii filminin quruluşçu rejissoru kimi fəaliyyət göstərib.

1994-cü ildə "Doğma" kino-povesti əsasında çəkilmiş "Ümud" bədii filminin müəllifidir.

Rejissor aprelin 2-də ürək çatışmazlığından vəfat edib.

Son xəbərlər

Orphus sistemi