Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Əli Əliyevin “Azərbaycan naxışları” adlı fərdi rəsm sərgisi açılıb.
“Report” xəbər verir ki, rəssamın 90-a qədər sənət əsəri yer aldığı sərgi Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilir.
Ə.Əliyevin jurnalistlərə açıqlamasında qeyd edib ki, onun işləri əsasən natürmort-mənzərə janrında iriölçülü kompozisiyalardır. Bu kompozisiyalar əsasən milli məişət üslubunda, etnoqrafik səpkidə, real və özünəməxsus janrdadır. Vurğulayıb ki, o, qrafika, qrafiki dizayn, illüstrasiya, kitab-jurnal tərtibatı janrlarında, eləcə də müxtəlif monumental dizayn və tərtibat sahələrində çalışır. Əsərləri bəzi dövlət idarələri və şəxsi kolleksiyalarda saxlanılır.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov rəssamın yaradıcılığından və sərginin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, rəssamın yaradıcılığı olduqca zəngindir: “Bu gün Əli Əliyevin sayca ikinci olan bu fərdi sərgisində maraqlı əsərlər yer alır. Bu əsərlərin içində təbiət mövzusunda natürmortlar da var. Rəssamın burada nümayiş olunan rəngkarlıq janrında olan əsərləri onun yaradıcılıq və sənətə olan bağlılığını əyani şəkildə göstərir”.
Sərgidə təqdim olunan sənət əsərlərinin məna və məzmun baxımından dolğunluğuna diqqət çəkən Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev deyib ki, incəsənətin müxtəlif növləri yaranandan onun daxilində müəyyən mübarizə baş verməkdədir. Bu mübarizə ənənəviliklə müasirliyin mübarizəsidir. “Bu mübarizəni Əli Əliyevin yaradıcılığında açıq-aşkar görə bilirik. Rəssamın ənənəvi qəbul olunan, müasirliklə əlaqəli olan əsərləri zəngin yaradıcılığı özündə ehtiva edir. O, natürmortla ən dərin və mükəmməl mövzuları əhatə edir. Ona yeni yaradıcılıq uğurları arzulayır, sərgi münasibətilə təbrik edirəm”, - deyə Z.Əliyev söyləyib.
Əməkdar incəsənət xadimləri Rafiq Kərimov və Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədov çıxış edərək rəssamın yaradıcılığından bəhs edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar. Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi bir həftə ziyarətçilər üçün açıq olacaq.