Gelodi Potsxişvili: “Rəşid Behbudov səhnəyə çıxıb gürcü dilində “Tbiliso” mahnısını oxudu. Onu səhnədən buraxmırdılar və o, bir mahnı əvəzinə 3-4 mahnı səsləndirdi”
Vaxtanq Qaçeçiladze: “Rəşid Behbudova “Qırmızı Əmək Bayrağı” ordenini Gürcüstanın keçmiş mədəniyyət naziri, hazırkı təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixeil Giorqadzenin babası Mixail Giorqadze təqdim edib”
Ötən gün Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı, görkəmli müğənni Rəşid Behbudovun vəfatının 30-cu ildönümü tamam olub. Təkrarolunmaz səsə malik böyük ifaçının yaxın gürcü dostları - Gürcüstan rəqsinin ulduzu, Gürcüstanın Əməkdar incəsənət xadimi, “Metexi” rəqs teatrının direktoru və bədii rəhbəri, “Şərəf” ordeni kavaleri, Gürcüstan
- Cənab Potsxişvili, Rəşid Behbudovla ilk tanışlığınızı necə xatırlayırsınız?
- 1962-ci il idi. O zaman mən cavan oğlan idim, 18-19 yaşlarında olardım. Həmin il Rəşid Behbudov Tbilisiyə “Arşın mal alan” tamaşasını gətirmişdi. O, Plexanov küçəsində yerləşən Gürcüstan Dövlət Filarmoniyasının Yay teatrında çıxış etmişdi. Tamaşanın nümayişindən sonra Filarmoniyanın o zamankı direktoru Apollon Konstantinoviç Kipiani mənə dedi ki, Rəşid Behbudovun qrupunu restorana aparım və onlar razı qalsınlar. Direktor buna görə mənə pul vermək istədi, amma mən götürmədim. Mən Rəşid Behbudovun oyununa və ifasına heyran olmuşdum. Mən “Doluri” rəqs kvarteti ilə birgə Rəşid Behbudovun bütün qrupunu “Funikulyor” restoranına apardım. Orada biz çalıb oynadıq və dostlaşdıq. Mən Rəşidə dedim: “Əzizim Rəşid, niyə “Arşın mal alan” tamaşasında rəqs yoxdur?” Düzdür, tamaşada rəqs hərəkətləri var idi, amma rəqslər yox idi. Rəşid mənimlə razılaşıb rəqslərin həqiqətən də çatışmadığını dedi. Mən ona bir yaxşı variant təklif etdim və dedim: “Növbəti dəfə siz Tbilisiyə gələndə biz sizin tamaşada rəqs edərik. Olar?!” Rəşid Behbudov təəccübləndi və fikrə getdi. Mən ona dedim ki, gürcü rəqqasların tamaşaya cəlb olunması o demək deyil ki, azərbaycanlılar rəqs edə bilmirlər. Bu tamaşa dostluq tamaşası olacaq. Orada həm “Şalaxo”, həm də Azərbaycan rəqsləri yer ala bilər. Rəşid razılaşdı. Mən hətta zarafatla dedim ki, bu, onlara hətta ucuz başa gələr və əlavə pul xərcləməzlər. Rəşid qəhqəhə ilə güldü.
Yarım ildən sonra Rəşid Behbudov Tbilisiyə gəldi. Buna qədər biz telefonla əlaqə saxlayırdıq. Biz danışanda Rəşid “Arşın mal alan” tamaşasının bir hissəsi üçün rəqs qurmağımı təklif etdi. Mən partituranı bilirdim və çox yaxşı rəqs qoyduq. Rəşid rəqslərə valeh oldu. O, özü də gözəl rəqs edirdi, rəqslərimizi çox bəyəndi. O vaxtkı televiziyada həmin tamaşanın videokadrları vardı. Bəlkə də indi onlar itib.
- Sonralar dostluğunuz necə davam etdi?
- “Arşın mal alan” tamaşasından sonra Rəşid mənə qastrollara onunla birgə getməyi təklif etdi. Biz onunla Rostov şəhərində qastrolda olduq. Lakin sonra bizim öz qastrollarımız oldu və Rəşid Behbudovun digər şəhərlərdəki qastrollarına qoşula bilmədik.
Sonralar Rəşid Behbudov Gürcüstana Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi gəldi. O, klassik mahnılar və romanslar ifa edirdi. Mən onun konsertinə getdim.
1964-cü ildə Rəşid Behbudovun dəvəti ilə biz “Doluri” rəqs kvarteti ilə Azərbaycana qastrol səfərinə getdik. Bakıda, Sumqayıtda, hətta “Neft daşları”nda da çıxış etdik. “Neft daşları”na gəmi ilə getməyimiz yadımdan çıxmır. Mən və ansamblın üzvləri gəmidə özümüzü yaxşı hiss etmədik. Rəşid bizim çıxışımızdan çox razı qaldı. O dedi ki, mahnı və rəqs kollektivləri “Neft daşları”nda çıxış etməyə razılaşmırlar.
- Rəşid Behbudovun qastrollarına bir daha dəvət aldınızmı?
- Rəşid məni 1967-1968-ci illərdə Yaxın Şərq ölkələrinə qastrol səfərlərinə dəvət etdi. O dedi ki, ona gürcü rəqsləri lazımdı. Mən böyük məmnuniyyətlə razılaşdım. Təxminən, iki ay ərzində Beyrut, Küveyt, Suriya, İordaniya və İraqda konsertlər verdik.
Burada bir xatirəmi sizinlə bölüşmək istəyirəm. 1972-ci ildə mən Azərbaycanın böyük opera müğənnisi, tenoru Lütfiyar İmanovla tanış oldum. O, məni Yaxın Şərq ölkələrinə qastrol səfərlərinə dəvət etdi. Xatırlayıram ki, Beyrutda konsert zamanı zalda olan ermənilər Lütfiyar İmanovun çıxışına imkan vermədilər. Onlar səs-küy salıb qışqırırdılar ki, onlara Azərbaycan mahnıları lazım deyil. Həmin ermənilər Beyrut daşnakları idilər. Çox qorxulu idilər. Buna görə də Beyrutda Lütfiyar İmanovun konsertləri ləğv olundu. Bu hadisə bu günə qədər xatirimdədir.
Mənim Rəşidlə dostluğum davam edirdi. Biz telefonla əlaqə saxlayırdıq. Mən onu Tbilisiyə qonaq dəvət edirdim. 1989-cu ildə mən İdman sarayında şou menecer idim və konsertlər təşkil edirdim. Rəşid Behbudovun da konsertini təşkil etmək istəyirdim. Ona yalvarırdım ki, Tbilisiyə gəlib konsert versin. Lakin o mənə dedi ki, artıq çıxış etmək gücündə deyil. O, 1989-cu ildə rəhmətə getdi... Onun həyatdan köçməsinə çox təəssüf etdim.
Sizə peşəkar kimi bir söz deyim. Rəşid Behbudov bütün tamaşaçıların rəğbətini qazanan yeganə ifaçı olub. O, müxtəlif janrlarda mahnılar ifa edirdi. Böyük vokalçı idi. Gürcüstanda Rəşid Behbudovu, onun nəğmələrini olduqca çox sevirdilər. Rəşid Behbudovla yanaşı, Gürcüstanda ən çox sevilən ikinci azərbaycanlı müğənni Müslüm Maqomayev idi. Hər ikisi dahi idi.
Lütfiyar İmanov də güclü ifaçı idi,
Rəşid Behbudovla mənim fotoşəkillərim var idi. Lakin çox təəssüflər olsun ki, 1989-cu ildə Tbilisidə Rabitə evində baş verən yanğın zamanı onlar yanıb.
- Rəşid Behbudovu bir şəxsiyyət kimi necə xarakterizə edərdiniz? O, hansı keyfiyyətlərə malik idi?
- Onun yaxşı yumor hissi vardı. Azərbaycanlı, erməni və gürcülər barədə gülməli lətifələr danışırdı. O, belə lətifələri məndən çox bilirdi. O zaman mən rusca yaxşı danışa bilmirdim. Lətifə danışmağa çalışırdım, amma alınmırdı. Rəşid Behbudov çox xoşagəlimli idi. Özünə həmişə baxırdı, saçları hər zaman formada olardı. Ortaboylu, çox simpatik və proporsional bədən quruluşlu idi. Rəşidlə küçədə gəzəndə insanlar onu saxlayıb avtoqraf alırdılar. Tbilisidə onu hamı tanıyırdı.
Rəşidi çox sevirəm. Onun mahnılarını, yaradıcılığını da çox sevirəm. O, dahi idi. Onu heç kəs əvəz edə bilmir. Təkrarolunmaz səsə sahib idi. Xatırlayıram, Tbilisidə “Arşın mal alan” tamaşası nümayiş etdiriləndə Rəşid mikrofonsuz, digərləri isə mikrofonlarla çıxış edirdilər. Mən ondan niyə mikrofonsuz çıxış etdiyini soruşdum. O zamanlar ifaçının mikrofonla çıxış etməsi ayıb sayılırdı. Rəşid isə cavabında dedi: “Mən mikrofon müğənnisi deyiləm”.
- Tbilisidə doğulub boya-başa çatan Rəşid Behbudov şəhəri necə tanıyırdı?
- Rəşid Tbilisini çox yaxşı tanıyırdı. Şəhərdə gəzərkən mən ona hansısa yeri göstərəndə, haqqında danışanda o, mənə deyirdi: “Yaxşı, sakitləş. Mən səndən yaxşı bilirəm biz haradayıq”. (gülür)
Rəşid Tbilisiyə gələndə tez-tez “İnturist” mehmanxanasında qalırdı. Bir dəfə mən onu restorana dəvət etdim və dedim ki, hesabı özüm ödəyəcəm. O isə mənə dedi: “Yenə başlama, bəsdir”. Rəşid hesabı ödəməyimə etiraz etdi və dedi ki, o da tbilisilidir. Mən də razılaşdım. Restoranda stol arxasında 5 nəfər idik. Orada orkestr ifa edirdi. Mən Rəşiddən bir mahnı ifa etməsini xahiş etdim. O, bunun bəlkə uyğun olmayacağını dedi. Mən ondan tonallığı soruşdum və musiqiçilərə söylədim. Musiqiçilər elan etdilər ki, Rəşid Behbudov qonaqlar arasındadır. Qonaqlar bunun zarafat olduğunu zənn etdilər. Rəşid səhnəyə çıxıb gürcü dilində “Tbiliso” mahnısını oxudu. Onu səhnədən buraxmırdılar və o, bir mahnı əvəzinə 3-4 mahnı səsləndirdi. Rəşid “Ya vstretil devuşku” mahnısını da ifa etdi. İndi də bu mahnını dinləyəndə tüklərim ürpəşir.
Rəşidin ifasından sonra restoranın direktoru bizim stola yaxınlaşıb dedi ki, hesabımız ödənilib. Bundan başqa, Rəşid stol ətrafına qayıdandan sonra qonaqlar bizim stola şampan, çaxır hədiyyə göndərirdilər. O qədər içki şüşələri yığıldı ki, stolun üstündə yer qalmadı. (gülür) Rəşid onları götürə bilməyəcəyini deyəndə mən onu çətinliklə yola gətirdim və o, özü ilə 10-a yaxın şüşə götürdü.
Rəşidi yola salanda ağlayırdı. (gözləri yaşarır). O, mənə bir də Gürcüstana nə zaman gələcəyini bilmədiyini dedi və həmin səfər onun Gürcüstana son səfəri oldu...
Mən onu tez-tez Gürcüstana qonaq kimi dəvət edirdim. Söz vermişdi ki, ailəsi ilə birgə gələcək, amma çox təəssüf ki, gələ bilmədi. Mən böyük məmnuniyyətlə Rəşidin doğmaları ilə tanış olardım.
- Rəşid Behbudov sizi Azərbaycanda kimlərlə tanış etmişdi?
- Rəşid məni dirijor Niyazi ilə tanış etmişdi. Onunla bağlı xatirələrimi də bölüşmək istəyirəm. Mən Bakıda konsertlərdə olanda Rəşid məni və Niyazini evinə qonaq apardı. Qonaqlıq çox səmimi keçdi, biz oxuduq, oynadıq. İlk dəfə Niyazi ilə o zaman tanış oldum. 1980-ci illərdə mən Bakıya “Metexi” ansamblı ilə getmişdim. O vaxt Azərbaycanın Dövlət Rəqs Ansamblının yubileyi idi. Biz çıxış edib onları təbrik etməli idik. Hava limanından birbaşa Filarmoniyaya yollandıq. Zalda sakitlik idi. Bir nəfərin səhnədə rəqqaslara rəqs elementlərini və hərəkətlərini göstərdiyini gördüm. Həmin şəxs mənə çox tanış gəldi. Onun kim olduğunu maraqlananda dedilər ki, Filarmoniyanın direktoru Niyazidir. O mənə yaxınlaşdı və dedi: “Cavan oğlan, mən deyəsən sizi tanıyıram”. Mən də ona Rəşidin evindəki qonaqlığı xatırlatdım və dedim ki, “Metexi” ansamblının bədii rəhbəriyəm. O məni qucaqladı və mənimlə görüşə şad olduğunu söylədi. Niyazi rəqqasların üstünə qışqırdığına görə məndən üzr istədi və rəqqasların rəqs edə bilmədiyini dedi. Təsəvvür edirsiniz, o özü rəqs elementlərini göstərirdi. İndiyə qədər mənə çox təəccüblüdür ki, dirijor rəqs elementlərini necə bilə bilər? Niyazi hərtəfəli yaradıcı insan və çox tələbkar rəhbər idi.
- Cənab Qaçeçiladze, bəs Sizin Rəşid Behbudovla bağlı hansı xatirələriniz var?
- Rəşidi şəxsən çox yaxşı tanıyırdım. Tbilisidə onunla üç dəfə görüşmüşük. Rəşid Gürcüstanın Xalq artisti Batu Kraveyşvili ilə dost idi. Batu mənim anamgilin qonşuğunda yaşayırdı. Rəşidi bir neçə dəfə Batu Kraveyşvilinin evində görmüşəm. Yadımdadır, Rəşid Batuya 20 illik yubileyinin necə qeyd olunması barədə yumorla danışırdı. Rəşid doğum gününü qeyd etmək üçün evə çoxlu qonaqların gəldiyini dedi. Birdən radio ilə elan edirlər ki, Sergey Kirov öldürülüb. Hamı ağlamağa başladı və ad günü yarımçıq qaldı.
Xatirimdədir, 1975-ci ildə Bakıda Zaqafqaziya ölkələrinin oftalmoloqlarının qurultayı keçirilirdi. Mən də o tədbirə dəvət alıb getmişdim. Həmin vaxt Rəşid Behbudovun 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilirdi və mərasimə mən də dəvət almışdım.
Rəşid valehedici insan, çox gözəl ifaçı idi. O, 44 yaşında SSRİ Xalq artisti fəxri adını alıb və sovet dövründə bu adı alan ən gənc sənətkar olub. Rəşid həmçinin 1946-cı ildə “Arşın mal alan” filmindəki Əsgər roluna görə “Stalin mükafatı” ilə təltif olunub. Stalin bu mükafatı ona şəxsən təqdim etmişdi.
Yaxşı yadımdadır, 1989-cu ilin aprelin 9-da sovet qoşunlarının Tbilisidə törətdikləri qanlı hadisələrdən sonra Rəşid Behbudov “Pravda” qəzetinə çox təsirli məktub yazmışdı. O, həmin hadisələri ürəkağrısı ilə qarşılamışdı, çünki Gürcüstan və Tbilisini çox sevirdi.
Tbilisidə də Rəşid Behbudovu çox sevirdilər. Onun “Arşın mal alan” filmindəki mahnıları dillər əzbəri idi. Rəşid Azərbaycan və gürcü xalqları arasında olan dostluğun daha da möhkəmlənməsi üçün əlindən gələn hər şeyi edirdi.
Rəşid Behbudova Tbilisidə mütləq xatirə lövhəsi və büst qoyulmalıdır. Sovet dövründə SSRİ Xalq artirstlərinin anadan olduqları şəhərlərdə onların vəfatından 2-3 il sonra xatirə lövhələrinin qoyulması ilə bağlı əmr var idi. Əgər Rəşid Behbudovun büstünün və ya xatirə lövhəsinin qoyulması ilə bağlı təşəbbüs olarsa, inanıram ki, həmin təşəbbüs reallaşar. Əgər belə bir müraciət olsa, biz imzalamağa hazırıq. Bu məsələni Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin qarşısında da qaldıra bilərik. Burada bir faktı qeyd edim ki, Gürcüstanın keçmiş mədəniyyət naziri, hazırkı təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixeil Giorqadzenin babası Mixail Giorqadze 30 ilə yaxın SSRİ Ali Şurası Prezidiumunun katibi olub. Rəşidə “Qırmızı Əmək Bayrağı” ordenini məhz Mixail Giorqadze şəxsən təqdim edib. Mən nazir müavini Mixeil Giorqadzeyə deyəcəyəm ki, Rəşid Behbudova Tbilisidə büst qoyulmalıdır. Ən azından ona görə ki, onun babası Rəşidi yaxından tanıyıb. İnanıram ki, o, bunu həyata keçirəcək. Onun xatirə lövhəsini də qoymaq olar. Düzdür, onun anadan olduğu ev hazırda yoxdur. Yerində yeni evlər tikilib, park salınıb. Lakin səhv etmirəmsə, onun anadan olduğu küçə Qorqasali küçəsidir. Xatirə lövhəsini həmin küçədə qoymaq olar. Gələn il Rəşid Behbudovun anadan olmasının 105 illiyi tamam olacaq. Ümid edirəm ki, həmin tarix çərçivəsində Azərbaycan tərəfi ilə əməkdaşlıq sayəsində Rəşid Behbudova Tbilisidə büst qoyulacaq.