Bakı. 3 iyun. REPORT.AZ/ Qusar Dövlət Ləzgi Dram Teatrı Dərbənd şəhərində qastrol səfərində olub.
Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Teatr S.Stalski adına Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrının binasında federal subyektin əməkdar incəsənət xadimi, dramaturq Asəf Mehmanın “Sədəf” tamaşasını nümayiş etdirib. Qusar teatrının kollektivinə Dərbənd şəhər nümayəndəliyi tərəfindən fəxri fərman təqdim olunub.
Tamaşanın quruluşçusu Faiq Qardaşov, tərtibatçısı Marina Mahmudovadır. Əsas rollarda teatrın aktyorları Bağır Əhmədov (Murtuz), Jalə Qurbanova (Şahnabat),Yalçın Qaraxanov (Həmzəbəy), Kifayət Yusifova(Sədəf) və başqaları çıxış edib.
Qeyd edək ki, teatr növbəti səfərini Mahaçqala şəhərinə edəcək.