Bakı. 7 fevral. REPORT.AZ/ “Qatil” bədii filmi fevralın 9-dan kinoteatrlarda nümayiş etdiriləcək.
Bu barədə "Report"a "Azərbaycanfilm" kinostudiyasının mətbuat xidmətindən bildirilib.
Məlumata görə, ekran işi Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində təqdim olunacaq.
Xalq yazıçısı Elçinin eyniadlı pyesinin motivləri lentə alınan Kamran Şahmərdanın “Qatil” filminin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema”, “CinemaPlus” kinoteatrlar şəbəkəsində və Şüvəlan Mədəniyyət Evində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının "Facebook" səhifəsində yerləşdirələcək.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.
Qeyd edək ki, “Qatil” filmi Bakıda keçirilən 6-cı Avropa Film Festivalı, Finlandiyanın “Qara və Ağ” Teatr Festivalı və Gürcüstanın 17-ci Tbilisi Beynəlxalq Film Festivalında iştirak edib.
Filmin ssenari müəllifi xalq yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev, Katri Lətt, prodüseri Müşfiq Hətəmovdur.
Psixoloji dram janrında çəkilən ekran əsərində baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar. Filmi Elxan Cəfərov və Mehriban Zəki səsləndirirlər.