Bakı. 11 may. REPORT.AZ/ Mayın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyetro Maskaninin “Kənd namusu” operasının tamaşası keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından bildirilib.
Məlumata görə, klassik opera sənətinin populyar nümunələrindən biri olan bu tamaşa ilk dəfə 1890-cı il mayın 17-də Romanın “Konstans” teatrında səhnəyə qoyulub. Opera çox gərgin dramatik süjet xətti və zəngin musiqisi ilə operasevərlər tərəfindən sevilir və böyük marağa səbəb olur.
Bakıdakı tamaşanı almaniyalı dirijor – Qut-İmmlinq Opera Festivalının bədii rəhbəri Korneliya fon Kerssenbrok idarə edəcək.
Əsas partiyalardan biri Santutsa rolunu ifa etmək üçün teatrın rəhbərliyi Odessa Milli Akademik Opera və Balet Teatrının aparıcı solisti, vokalçıların Rumıniya, Çexiya və Ukraynada keçirilən beynəlxalq müsabiqələrinin laureatı Natalya Pavlenkonu dəvət edib.
N.Pavlenko dünyanın bir sıra ölkələrinin – Çexiya, Polşa, İtaliya, Fransa, Almaniya, Lüksemburq, Serbiya və Rumıniyanın opera teatrlarında uğurla çıxış edir.
Tamaşada həmçinin teatrımızın aparıcı solistləri - Azərbaycanın xalq artisti Samir Cəfərov (Turiddu), əməkdar artistlər Səbinə Vahabzadə (Lüçiya), Anton Ferştandt (Alfio) və gənc solist Çinarə Şirin (Lola) iştirak edəcəklər.
Xormeyster əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.