Bakı. 25 oktyabr.
"Report" xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, xalq artisti Eldar Quliyev, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək böyük sənətkarın məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.
A.Nemətov, E.Quliyev və digərləri çıxış edərək sənətkarın yaradıcılığından danışıb, xatirələrini bölüşüblər.
Qeyd edək ki, M.Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.
1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib, bir il sonra Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb. 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. O, "Seviliya bərbəri" operasında möhtəşəm çıxışı ilə milyonlarla tamaşaçının rəğbətini qazanıb. Bununla bərabər, M.Maqomayev “Nizami” filmində baş rolda çəkilib, Eldar Quliyevin filminə, Qleb Drozdovun tamaşasına musiqi bəstələyib. Maestronun repertuarında 600-dən çox əsər olub.
M.Maqomayev 2008-ci il oktyabrın 25-də, ömrünün 67-ci ilində vəfat edib, Bakıda Fəxri xiyabanda dəfn edilib.