Azərbaycan Dövlət Akademik Musiqili Teatrı "Evdə qal!" kompaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrinin sənət adamları ilə yeni layihəyə imza atıb.
Teatrdan "Report"a verilən məlumata görə, teatrın simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Firuzə Nəcəflinin təşəbbüsü ilə ayrı-ayrı ölkələrdə yaşayan türk və ispan musiqiçiləri virtual şəkildə bir araya gələrək maraqlı bir musiqi nömrəsi təqdim ediblər.
Qeyd edək ki, virtual konsertdə Firuzə ilə yanaşı, türkiyəli bəstəkar, pianoçu Sərhat Gündüz, bas gitaraçı Haşım Yılmaz, həmçinin ispaniyalı peşəkar zərb aləti ifaçısı Matias Menaraguez da iştirak edib və onlar "Love" (S.Gündüz) əsərini səsləndiriblər.
Məkanları fərqli, məramları eyni olan Azərbaycan, Türkiyə və İspaniya musiqiçiləri bu addımları ilə mədəniyyətlərin sərhədsizliyini bir daha nümayiş etdirərək dünyanın bu çətin pandemiya ilə üz-üzə qaldıgı bir vaxtda həmrəy olduqlarını, hər kəsə "evdə qalsaq da, ideya və arzularımızdan qalmırıq!" ismarışını verməyə çalışıblar.